«Düşünürəm ki, buraxılan qol bəlkə də bizə müsbət təsir etdi. İkinci hissədə daha toparlanmış komanda və daha diqqətli oynayan futbolçular gördüm», – «Qarabağ»ın baş məşqçisi, Azərbaycan futbol tarixində ilk dəfə komandası UEFA Çempionlar Liqasının qrupuna düşən Qurban Qurbanov AzadlıqRadiosuna müsahibəsində belə deyib.
– Qurban bəy, dünən – avqustun 23-də komandanızın Çempionlar Liqasının qrup mərhələsinə düşəcəyinə nə qədər inanırdınız?
– Biz bilirdik ki, ağır turnirdir. İnamımız var idi. Biz hər oyunda çalışırdıq ki, yaxşı, düzgün mübarizə aparaq və qələbə üçün oynayaq. Şükürlər olsun. Ağır bir turnir olsa da, bu uğur bizə nəsib oldu. Düşünürəm ki, futbolçularımız Allahın izniylə bunu haqq etdilər. Futbolçularımız çox istəkliydilər.
– Birinci hissənin son dəqiqəsində birinci qolu buraxdıqdan sonra nə hiss etdiniz?
– Açığı, qapımızda qol gördükdə bəzi hisslər olur, amma buna hazır olmalıyıq. Həm mən məşqçi olaraq, həm də futbolçularımız buna hazır olmalıyıq, daha da diqqətli olmalıyıq. Bir səhvə yol vermişiksə, ikincini etməməyə çalışmalıyıq. Düşünürəm ki, buraxılan qol bəlkə də bizə müsbət təsir etdi. İkinci hissədə daha toparlanmış komanda və daha diqqətli oynayan futbolçular gördüm. Futbolda daim belə şeyləri göz qabağına gətirməliyik, yəni oyunun əvvəlində qol da buraxa bilərik, qol vurub yenidən qapımızda top görə bilərik. Buna hazır olmalıyıq, amma sonda nəticəni qazanmaq üçün ən yaxşını, ən düzgünü etməliyik.
– Oyunun gedişi zamanı futbolçu Əfran İsmayılovla bağlı sosial şəbəkələrdə iradlar səslənirdi. Onun oyunu sizi necə qane etdimi?
– Biz belə fikirlərə önəm verməməliyik. Bu komandada oynayırsa, oyunlara çıxırsa, deməli, məni qane edir. Mən həmin oyunçudan komandanın uğuru üçün istifadə edirəm. Əlimdə olan futbolçuların oyunu məni qane edir, bu komandaya faydaları var ki, bu gün «Qarabağ»dadırlar. Mən belə sözlərə fikir vermirəm və yazılanlara, deyilənlərə görə futbolçuya qiymət vermək hər hansı məşqçi üçün düzgün hal deyil. Biz futbolçunun potensialını bilirik və onun imkanlarından düzgün istifadə etməyə çalışırıq.
– 90 dəqiqə həyəcanla izləndi, amma son 10 dəqiqə elə bil bitmirdi. Milyonlar həyəcanla əlləri ürəklərinin üstündə hakimin fitini gözləyirdilər. Siz o dəqiqələrdə nə düşünür, nə hiss edirdiniz? Ya o an məşqçinin həyəcanlanmağa ixtiyarı yoxdur, o son ana qədər oyunun taleyinə cavabdehlik barədə düşünür?
– Həyəcan olur. Amma həmişə oyunun içindəsən. Bəzən oyunun gedişatında onu hiss etməyə, bəzən düşünməyə vaxtın da qalmır. Komandanın oyununa daha çox diqqət ayırırsan. Amma istər-istəməz sonlara yaxın mən də gözləyirdim ki, görəsən, hakim oyunu nə vaxt bitirəcək. Sona yaxın məndə də elə hisslər vardı ki, oyun bitsə daha yaxşı olar.
– Qurban bəy, bundan sonra «Qarabağ» Avropanın nəhəngləri ilə oynayacaq. İştah diş altındadır, bu dəfə Qurban Qurbanovun komandası hara qədər gedə biləcək? Belə deyək, Çempionlar Liqasının qrupunda oynayacaq «Qarabağ»ın iştahası nə qədərdir?
– Hələlik, bununla bağlı fikir söyləyə bilmərəm. Görək, hələ püşkatmada kimlər düşəcək. Digər tərəfdən, qrupda hər bir komanda ilə qarşılaşma ağır olacaq. Sadəcə olaraq bu bizim üçün həm də böyük təcrübədir. Biz neçə illərdir Avroliqanın qrupunda oynayırdıq. Bu günsə Çempionlar Liqasının qrupunda oynayacağıq və biz indi o komandaların gücünü hiss edəcəyik. Hətta Çempionlar Liqasının pley-off mərhələsində bizi hansı rəqiblərin gözlədiyini hiss etdik. Həddindən artıq çətin olacaq. Amma bu turnirdə futbolçularımızın bacarığını daha çox göstərməyə çalışacağıq.
– Yeri gəlmişkən, komandaya transferlər olacaqmı? Hər halda nəhəng klubların qarşısına çıxarkən «Qarabağ»ı bir qədər gücləndirmək lazım gələcək. Yoxsa Qurbanov öz komandasına, bu heyətə güvənəcək?
– Transferlərlə bağlı sual mənə çox verilir. Bəli, biz daim axtarışdayıq. Təkcə Çempionlar Liqası üçün yox. Həm komandamızda futbolçuların sayını çoxaltmaq, həm də futbolçuları oyunlara daha yaxşı hazırlamaq üçün bəzi oyunçular dəvət etmək istəyirik. Amma biz faydalı olan oyunçuları komandamıza dəvət etmək niyyətindəyik. Bəzən bizdən komandaya transfer etməyimiz tələb olunur. Bəlkə də bu düzgün yanaşma deyil. Biz çalışırıq ki, lazımlı, faydalı futbolçuları komandamıza dəvət edək. Say üçün, ad üçün transfer etmək istəmirik. Əslində, əlimizdə olan futbolçular da qrupda oynamağı haqq etdilər və onlar həqiqətən çox əziyyət çəkdilər. İnşallah transferlərimiz alınsa, sevinərik, amma alınmasa da, əlimizdəki futbolçulara güvənərək turnirdə iştirak edəcəyik.
– Sirr deyilsə, transferləri Türkiyə, ya Avropa klublarından etmək istəyirsiniz?
– Hər bir ölkədən ola bilər. Artıq bizə bir neçə futbolçunun adını veriblər. Onlarla maraqlanırıq, oyunlarını izləyirik, bəzilərinin klubları ilə danışıqlar gedir.
– Hansı klublarla qarşılaşmaq istərdiniz?
– Bununla bağlı istəyimiz yoxdur. Gözləyirik, bu axşam püşkatma olacaq və oradakı komandaların hər biri rəqibimiz ola bilər. Kim düşsə, onlara uyğun şəkildə hazırlaşmağa çalışacağıq.
– Qayıdaq avqustun 23-dəki oyuna. Oyun bitdi və hər zaman soyuqqanlı, təmkinli olan Qurban Qurbanovun kövrəldiyi, göz yaşlarını saxlaya bilmədiyi ekranlarda göründü.
– Sadəcə emosiyalarımı saxlaya bilmədim. Çoxdan gözləyirdik bunu. Belə turnirlərdə iştirak etmək üçün illərlə gözləyirsən. Hər il şansın olsa da, əldə edə bilmirsən. Birdən bu şans əldə olunanda emosiyaları saxlaya bilmirsən, yəqin buna görə də ağlayırsan.
– Prezident sizi qəbul edəcəkmi?
– Bilmirəm. Hələ, yeni gəlmişik. Nəsə deyə bilmərəm.
– İlham Əliyev sizi qəbul etsəydi, orda Azərbaycan futbolunun hansı problemini qaldırardınız?
– Yəqin bizim prezidentlə görüşdə problemdən danışmağa vaxtımız olmayacaq… Yəqin düzgün də olmaz. Hələ, fikir deyə bilmərəm. Amma məncə, burda problemdən çox uğurdan danışmaq daha çox uyğun olar.
Oxunub: 604