Gör nələrə sevinmək zorundayıq! AXCP sədri Əli Kərimlinin köməkçisi, “Azadlıq” qəzetinin yayım direktoru Faiq Əmirli bu gün Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə şərti azadlığa çıxıb. Faiq bəyi ötən ilin 20 avqustunda gülənçi kimi həbs etmişdilər. Sübut olaraq Faiq bəyin maşınına Fətullah Gülənin Azərbaycanda çap olunmuş bir neçə kiitabını atmışdılar. Xatırlayırsınızsa, o zaman baş prokurorluq bəyanat yayaraq Faiq bəyi Fətullah Gülənin imamı da elan etmişdi. Məqsəd Türkiyədə Fətullah Gülənə qarşı aparılan kampaniyadan yayarlanaraq Əli Kərimlini də “gülənçi” kimi həbs etmək idi. Amma bizim baş prokurorluq həm də boş prokurorluq olduğundan nəinki az öncə müavini Fuad Qəhrəmanlını şiə fanatiki kimi həbs etdiyi Əli bəyin Gülənçi kimi təqdimatına bütün dünyanın güləcəyini nəzərə almışdı. Şanlı orqan işçilərimiz həm də Faiq bəyin maşınına atdıqları “əşyayi-dəlilin” bircə səhifəsini oxumamışdılar ki, bu kitaba izzəti-hörmətlə ön söz yazan şəxsin elə baş prokuror Zakir Qaralovun dost-doğmaca əmisi Zahid Qaralov olduğunu görsünlər. Ona görə də məhkəmədə Faiq bəyə qarşı başqa ittihamlar irəli sürmək zorunsa qaldılar. Nə vaxtsa “Azadlıq” qəzetində kiminsə vəfatı münasibətilə baş sağlığı verənləri tapıb bir-bir məhkəməyə gətirirdilrər ki, bəs sən bu elana görə qəzetə iki manat pul ödəmisən, ya yox. Ödəmisənsə, qəzet həmin iki manatın səkkiz qəpik vergisini ödəyib, ya yox. Məsələn, şahidlərdən biri 2001-ci ildə şəxsiyyət vəsiqəsi itdiyi üçün “Azadlıq”da elan yerləşdirib. Onun ifadəsini saxtalaşdırıb 2001 yerinə 2011 yazıblar ki, Faiq bəyə qarşı ittiham irəli sürə bilsinlər. Çünki Faiq Əmirli qəzetdə 2011-ci ildən çalışır. Şahid də məhkəmədə and-aman edirdi ki, mənim şəxsiyyət vəsiqəm 2001-də itib, elanı da o vaxt vermişəm, ifadəmdə də 2001 demişəm.Bu 2011 haradan çıxdı axı?! Bax indi belə gülünc, əslində isə qorxunc əsaslarla həbs edilən Faiq Əmirlini şərti azadlığa buraxdılar. Ona görə yox ki, qəflətən ürəklərinə rəhm, düşüncələrinə vicdan hakim kəsildi. Yuxarıda sadaladıqlarımı etməyi özünə rəva bilənlər üçün rəhm və vicdan yad, mənasız anlayışlardır. Nə evlərində bişib, nə qonşudan pay alıblar. Onlar, özləri demiş, vicdanın nə olduğunu yerli-dibli bilmirlər. Faiq bəyi ona görə şərti azad etdilər ki, yeganə qorxduqları ünvanda- okeanın o tayında sanksiya qazanı qaynamağa və sanksiya təamının qoxusu gəlməyə başladı. 3 milyard dolların və ardınca 48 milyard dolların “rasşifrofkaları”nın kimlərinsə əlində hazır vəziyyətdə olduğunu, nəhayət ki, anladılar. Skotland Yardın mənşəyi bilinməyən və çirkli pul olduğu ehtimalı olan vəsaitləri dondurmaq səlahiyyətinin olduğunu və bu istiqamətdə fəaliyyətə başladığını gördülər. İki il ərzində ölkədən 1,4 milyard dollardan çox korrupsiya yolu ilə əldə edilmiş vəsait çıxararaq ofşor hesablara yatıran Baktelekom MMC-nin 31 milyon vergi borcunu silənlər Faiq Əmirlini heç bir suçu olmadığı halda, guya 8 qəpik vergi borclarına görə bir il bir ay məhbəsdə çürüdüb azadlığa buraxanlar bununla hesabların bağlandığına əsla və əsla ümid etməsinlər! Şərlənərək həbs olunan bütün siyasi məhbuslar azad olunmalı, onlara yaşadıqları məhrumiyyətlərin qarşılığında layiqli kompensasiyalar ödənməli, səfil gününə salınmış bu millətdən oğurlanan bütün pullar öz halal sahibinə- Azərbaycan xalqına qaytarılmalıdır. Sən də bunu istəyirsənsə, Milli Şuranın 23 sentyabr 2017-ci il tarixində, saat 15.00-da, İnşaatçılar metrostansiyasının yaxınlığında “Məhsul” stadionunda keçiriləcək dinc, razılaşdırılmış mitinqinə gəl və öz haqqını tələb et!
Faiq bəyə, ailəsinə və doğmalarına, ən əsası da, həsrətlə atalarının yolunu gözləyən körpə qızlarına gözaydınlığı verirəm. Həmişə ailənizin başında, dostlarınızın yanında olun, dəyərli Faiq bəy!
Yazı müəllifin Facebook səhifəsindən götürülüb
Oxunub: 1116