“Sentyabrın 19-da Ali Məhkəmə hesabdan pulun nağdlaşdırılması zamanı 1% vergi tutulmasının nə dərəcədə qanuni olması məsələsini həll etməlidir”, – bank üzrə ekspert Əkrəm Həsənov bildirib.
O, Facebook səhifəsində yazıb ki, bu qaydanın ətrafında keçilməz bir dairə yaranıb.
“Hesabdan pulun nağdlaşdırılması zamanı 1% vergi tutulması bu ildən tətbiq edilib və mən dəfələrlə bu qaydanın absurd olduğunu yazmışam. Vergilər Nazirliyinə qarşı məhkəmə prosesində cavabdeh bildirib ki, guya mən 1% vergi tutan banka qarşı çıxış etməliyəm. Bakı İnzibati-İqtisad Məhkəməsi hesab edir ki, iddia Maliyyə Nazirliyinə qarşı verilməidir”, – o bildirib.
Ə.Həsənov qeyd edib ki, Apellyasiya Məhkəməsinə müraciəti zamanı bildiriblər ki, Vergilər Nazirliyi cavabdeh ola bilməz, belə ki, nazirlik Vergi Məcəlləsinin əsasında fəaliyyət göstərir.
“Əgər Apellyasiya məhkəməsi nöqteyi-nəzərindən çıxış etsək, əgər qanun Konstitusiyaya ziddirsə bu halda heç kim bu qanunu tətbiq edən dövlət orqanına qarşı iddia edə bilməz. Faktiki olaraq onlar Konstitusiyanın birbaşa hüquqi qüvvəsini şübhə altına alırlar və vətəndaş öz konstitusiya hüquqlarını necə müdafiə etməlidir?”, – bildirib.
Ekspert xatırladıb ki, əgər qanun Konstitusiyanın maddəsinə ziddirsə öz qüvvəsini itirir və iddia verilməsi zamanı bu mübahisəni məhkəmə həll edə bilər.
“Əgər məhkəmə instansiyası özü qiymətləndirə bilmirsə, Konstitusiya Məhkəməsinə müraciət etməlidir. Mən birbaşa Konstitusiya Məhkəməsinə müraciət edə bilmərəm. Çünki Vergilər Nazirliyinə qarşı iddia qaldırmışam. Mən bütün məhkəmə instansiyalarında itirdiyim halda Konstitusiya Məhkəməsinə müraciət edə bilərəm. Amma məhkəmələr mənim iddiama baxmaqdan imtina edirlər”, – o bildirib.
Ə.Həsənovun fikrincə, əgər Ali Məhkəmə Apellyasiya Məhkəməsinin qərarını qüvvədə saxlasa, ölkənin hüquq sistemi üçün anormal vəziyyət yaranacaq və Konstitusiya ali qanun statusundan məhrum olacaq.
Oxunub: 462