«Əslində, «Turan»la yanaşı, başqa QHT-lərə tətbiq edilən vergi sanksiyaları ləğv edilməlidir», – rəhbərlik etdiyi qeyri-hökumət təşkilatına – Azərbaycan Hüquqçular Assosiasiyasına vergi sanksiyaları qoyulan hüquqşünas Ənnağı Hacıbəyli belə deyir.
ƏNNAĞI HACIBƏYLI: «BU, İKİLİ STANDART PROBLEMİDİR»
Hüquqşünas yaranmış durumda bir anlaşılmazlıq olduğunu söyləyir:
«Necə olur ki, başqa təşkilatlara tətbiq edilən vergi sanksiyaları məcburi qaydada gerçəkləşdirilir? Yəni adamları Vergilər Nazirliyinə çağıraraq tələb edirlər ki, bir neçə gün ərzində vergi ödənilməsə, cinayət işi qaldırılacaq və iş nazirliyin istintaq idarəsinə göndəriləcək. Amma indiki halda qəribədir ki, həm Mehman müəllim azadlığa buraxılır (təbii ki, biz buna sevinirik), həm də vergi sanksiyası ləğv olunur. Əslində, bu, hakimiyyətin başqalarından tələb etdiyi və pislədiyi ikili standartlar problemidir, bir QHT-yə qarşı bir cür, başqasına fərqli davranış göstərilir. Anlaşılmaz bir şeydir».
Ə.Hacıbəylinin fikrincə, son hadisələr QHT-lərlə bağlı vergi sanksiyalarının tətbiqinin və ya onlara cinayət işinin açılmasının «siyasi məqsədli» olmasını deməyə əsas verir:
«Məsələn, bizim QHT ilə bağlı qanunsuz olaraq vergi sanksiyası qoyulmuşdu. Hətta vergi orqanlarının işçiləri də etiraf edirdilər ki, bu, yuxarıdan verilən tapşırıqdır. Cəzalandırılmalı QHT-lərin siyahısı həm prokurorluğa, həm Ədliyyə Nazirliyinə, həm də Vergilər Nazirliyinə verilmişdi. Ona görə bizə tətbiq olunan qanunsuz cəriməni cinayət məsuliyyəti təhdidi ilə ödətdirdilər. O sanksiyanın tətbiqinin heç bir əsası yox idi. Bu iş indi Avropa İnsan Haqları Məhkəməsindədir və ona qiymət veriləcək. İstənilən halda, QHT-lərə fərqli münasibətin göstərilməsi qanun çərçivəsinə sığmayan hərəkətdir və açıq-aşkar görünür ki, siyasi qərardır. Özü də hər bir halda siyasi qərardır, həm ödətdiriləndə, həm də məsuliyyətdən azad ediləndə. Mehman Əliyevin və başqa QHT-lərin məsuliyyətə cəlbi də, onun azadlığa buraxılması da yuxarıdan gələn göstərişdir».
ƏLƏSGƏR MƏMMƏDLİ: «SİFARİŞÇİ SİFARİŞ DƏYİŞMƏDİKCƏ…»
Başqa bir hüquqşünas Ələsgər Məmmədli də, həmkarı Ə.Hacıbəyli kimi, Vergilər Nazirliyinin müstəqil olmadığı qənaətindədir. O, daha öncə də nazirliyin «siyasi sifariş əsasında» xeyli sayda QHT-yə, o cümlədən beynəlxalq QHT-lərə, media qurumlarına sanksiya tətbiq etdiyini bildirir. Hüquqşünasın sözlərinə görə, bu sanksiyaların heç birinin hüquqi baxımdan ciddi əsası yoxdur. Ə.Məmmədli fikrini əsaslandırmaqdan ötrü bir nümunə də gətirir:
«Məsələn, Azərbaycan qanunvericiliyinə görə, QHT-lər ƏDV-dən azaddır, amma bir sıra təşkilata əlavə dəyər vergisindən yayınma maddəsi ilə iş açılıb».
Hüquqşünas «Turan»la bağlı sanksiyaların ləğvini də həmin prosesin davamı sayır. Amma bunun davamlı olacağını güman etmir:
«Sadəcə, son hadisə zamanı ölkə başçısı səviyyəsində müraciətlər olunduğundan bir addım geri çəkiliblər. Amma bunun kimlər üçünsə prosesin başlanğıcı olacağını düşünmürəm. Vergilər Nazirliyinin bu tip qərarları siyasi sifariş əsasında verilib. 2014-cü ildən beynəlxalq qurumlara, QHT sektoruna açılan işlərin hamısı sifarişli olub. Sifariş sahibi sifarişi dəyişmədikcə, Vergilər Nazirliyinin praktikası dəyişə bilməz».
ÜMİDLİ OLANLAR VƏ…
Hərçənd Ə.Hacıbəyli ümidsiz deyil, o, son zamanlar beynəlxalq qurumların, Qərbin təzyiqi ilə üzləşən rəsmi Bakının «gözə kül üfürmək üçün» bəzi qeyri-hökumət qurumları ilə bağlı qərar verməsini istisna etmir.
Ə.Məmmədli isə, əksinə, Bakının mövqeyində ciddi yumşalma baş vermədiyi qənaətindədir:
«Beynəlxalq basqıların nəticəsi olsaydı, Avropa İnsan Haqları Məhkəməsi kimi önəmli qurumun qərarları icra edilərdi, məsələn, İlqar Məmmədov hələ də həbsdədir. Və ya Əfqan Muxtarlı ilə bağlı ciddi basqılar oldu, amma o da hələ içəridədir, eləcə də Gözəl Bayramlı, Seymur Həzi, Fuad Qəhrəmanlı və digər məhbuslar».
Hüquqşünas siyasi hakimiyyətin liberallaşdığını düşünmür, o, sadəcə «Əsrin müqaviləsi»nin müddətinin uzadılması ərəfəsində «bir addım irəli, bir addım geri» atıldığını güman edir.
AzadlıqRadiosu məsələylə bağlı Vergilər Nazirliyindən münasibət öyrənməyə çalışsa da, bu mümkün olmayıb.
Oxunub: 190