Bir neçə gün əvvəl İlham Əliyevin əfv etdiyi blogger Lapşin İsrailə gedən kimi bloq yazılarını bərpa edib və dərhal Azərbaycan hakimiyyətinin ünvanına sərt ittihamlar səsləndirib.
Blogerin yazısını təqdim edirik:
Dostlar, hamıya salam! Biz hələ mənim Azərbaycanda başıma gələnlər, ora səyahətim və ordakı həyat şəraitim haqında çox danışacaq, o məsələnin üzərinə çox qayıdacağıq. İndi isə, Azərbaycan cəhənnəmi geridə qaldıqdann sonra Hayfadakı Hof Carmel çimərliyindən bu sətirləri yazaraq, aşağıdakılara aydınlıq gətirməyi özümə borc bilirəm:
Azərbaycan rəsmisinin mənim 10.09.17 tarixində Bakı həbsxanasında intihar cəhdinə dair iddia etdiyi yalanı qətiyyətlə inkar edirəm. Azərbaycan mətbuatının verdiyi məlumata görə, prezident Əliyev intihara cəhd edən zavallını həmin mifoloji intihar cəhdindən bir gün sonra əfv etmək qərarına gəlmişdir.
Əslində, 10-11 sentyabr 2017-ci il gecəsi mən Bakı həbsxanasında 10 nömrəli kameramda yuxuda olduğum zaman, birdən qapının açarı buruldu və qapı açıldı. Mən arxası qapıya yatırdım və heç durmağa da macal tapmadım, naməlum adamlar məni boynumdan, əllərimdən tutub, böyrümdən zərbələr endirməyə başladılar. Ondan sonra daha heç bir şey xatırlamıram. Sonrakı xatırladıqlarım artıq Mərkəzi Bakı klinikasının reanimasiya şöbəsindəndir. Orda artıq mən zədə aldığım yerdən kataterlə cihaza bağlı vəziyyətdə idim, üzümdə bir oksigen maskası var idi. Bundan başqa, iki dişim qırılmışdı və bütün arxa və yan tərəfim şişlərlə dolu idi.
İnanıram ki, qatillər ya qorxurdular, ya da məqsədləri daha çox Əliyevin Azərbaycandakı hakimiyyətini gözdən salmağa yönəlmişdi. Mənim Bakı həbsxanasındakı ölümüm prezident Əliyevin ən yaxın dairəsindən bir sıra insanlara faydalı olardı. O adamlar ki, onun artıq istirahətə getmək vaxtının çatdığına inanırlar. Bir çox xarici azərbaycanlı jurnalistlərin və öz vətənindən uzaq yaşamaq məcburiyyətində qalan demokratik müxalifətin bənzər fikirlərinə əsaslansa belə, bunun mənim versiyam olduğunu vurğulayıram.
Dünən Təl -Əviv “Shiba” klinikasında hərtərəfli müayinədən keçdim. Həkimlər də bir sıra xəsarətlərin xaraktercə intihar cəhdindən çox fiziki zorakılığa bənzədiyini dedilər. Həkimlər boynumun sağ tərəfindəki çökəkliyin yaxınlığında boğulma dərinliyinə diqqət çəkdilər. Ancaq bu qətiyyən intihar üçün xarakterik əlamət deyil, çünki bu iz o halda qulaq bölgəsində olur. Və ümumiyyətlə, mən nəyə görə anamın doğum günündə (10.09), hətta öz ölkəmə ekstradisiya danışıqlarının son mərhələsində “intihar” etməliydim ki? Hekayə ağ iplə tikilir.
Bu mövzuya qayıdacağıq, amma hələlik gəzməyə gedirəm. Normal həyata dönməliyəm. Azərbaycanlı həkimlər elə dərman vasitələri vururdular ki, mən 3 gün sonra da narkotiklərin təsiri altında olduğumu hiss edirdim. Hələ də yemək yeməkdə çətinlik çəkirəm, dünən sadəcə damcılarla qidalanmışam, artıq bu gün müəyyən gərginlik olsa da, özüm çeynəyə bilirəm. Su içmək çətindir, öskürək başlayır. Həkimlər reabilitasiyanın hələ 3-5 gün və ya daha çox vaxt aparacağını söyləyirlər.
Oxunub: 3324