Bölgə müxbiri kimi, müstəqil media orqanları ilə əməkdaşlıq edən və bu ilin fevralında DTX tərəfindən həbs olunan jurnalist, “Azadlıq” qəzetinin bölgə müxbiri Elçin İsmayıllının məhkəməsi başa çatıb. Sentyabrın 18-də Şəki Ağır Cinayətlər Məhkəməsində jurnalistə hökm oxunub. Rəşid Hüseynovun sədrlik etdiyi hakimlər kollegiyasının hökmünə əsasən, jurnalist 9 il azadlıqdan məhrum edilib.
Elçin İsmayıllı özü də, vəkilləri də hökmü qanunsuz və əsassız hesab edir. Jurnalistin vəkili Elçin Sadıqov “Azadliq.info”ya bildirib ki, hökmdən apellyasiya şikayəti veriləcək. Müdafiəçi hesab edir ki, müvəkkilinə qarşı irəli sürülmüş hədə-qorxu ilə pul tələb etmə ittihamı məhkəmədə nəinki sübuta yetirilməyib, hətta əksinə, Elçin İsmayıllının rayonun icra başçısı Mirdaməd Sadıqovun vasitəsilə, təxribat nəticəsində həbs olunduğu konkret faktlarla sübuta yetirilib.
İş üzrə zərərçəkmiş, İsmayıllı rayon Mədəniyyət və Turizm İdarəsinin keçmiş müdiri Azər Abbasov məhkəmədə demişdi ki, Elçin İsmayıllı ondan pul tələb etməyib. Onu illərdir tanıdığını deyən Abbasovun sözlərinə görə, yeni il öncəsi Elçinə 100 manatı bayram keçirmək üçün pul verib. Həmin vaxt otağında gizli kamera olmasından da xəbəri olmayıb.
Elçin İsmayıllı tutulan gün ona verdiyi 1000 manata gəlincə, Abbasov bildirib ki, həmin pulu icra başçısı göndərib və Elçinlə görüşüb ona verməsini istəyib. Pulu verəndə isə DTX əməkdaşları jurnalisti həbs edib.
Həbs olunan gün verilən 1000 manata gəlincə, Elçin İsmayıllı deyir ki, Abbasovdan borc istəmişdi. Əvvəllər də ondan bir neçə dəfə borc alıb, qaytarıb.
Azər Abbasov məhkəmədə onu da qeyd edib ki, hadisə günü görüşdükləri kafeyə gizlik kamera quraşdırılması, pulun məqsədli şəkildə göndərilməsindən xəbərsiz olub.
Yeri gəlmişkən, İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov da bu iş üzrə istintaqda dindirilib. İttiham aktında məhkəmədə dindirilməli şahidlərin siyahısında onun da adı var. Ötən məhkəmə iclasında hakim vəkillərdən Mirdaməd Sadıqovun dindirilməsinə ehtiyac olub-olmadığını soruşanda müdafiəçilər bildirmişdilər ki, mütləq məhkəməyə çağrılmalıdır. Onun istintaqdakı ifasi ilə kifayətlənmək olmaz. Çünki onun ifadəsi ilə zərərçəkmiş Abbasovun məhkəmədə söylədikləri arasında kəskin ziddiyyətlər var. Həmin ziddiyyətlərə aydınlıq gətirilməlidir.
Buna baxmayaraq, hakimlər icra başçısını məhkəməyə çağırıb dindirmədi.
Elçin İsmayıllı bu ilin fevralında həbs olunun. Ona qarşı CM-nin 182 (hədə-qorxu ilə tələb etmə) və 308-ci (vəzifə səlahiyyətlərindən sui istifadə) maddələri ilə ittiham irəli sürülüb.
azadliq.info
Oxunub: 574