Atası keçmiş müstəntiqin həyatının təhlükədə olduğunu bildirir
9 saylı cəzaçəkmə müəssisəsində siyasi məhbuslar Rüfət Səfərov və Cavid Şirəliyev qanunsuzluqlara, rejimdaxili haqsızlıqlara etiraz əlaməti olaraq dünəndən müddətsiz aclıq aksiyasına başlayıblar. Buna baxmayaraq, məhbuslar yenə də təqib altında saxlanılır.
Bu barədə Rüfət Səfərovun atası Eldar Sabiroğlu feysbukda məlumat yayıb.
Sabiroğlu qeyd edib ki, vəkil Bəhruz Bayramov vəziyyəti öyrənmək üçün cəzaçəkmə müəssisəsinə getsə də, onu müdafiə etdiyi məhbuslarla görüşə buraxmayıblar. “Bu birbaşa vəkillik haqqında qanunu tapdamaqdır. Belə çıxır ki, bu adamlar üçün heç bir qanun-qayda əhəmiyyət kəsb etmir. Biz dünəndən məhbusların səhhəti barədə məlumat ala bilmirik. Onların həyatı hər an təhlükə ilə üzləşə bilər. Cəzaçəkmə müəssisəsində sanki bir dərəbəylik hökm sürür”, – deyə E.Sabiroğlu qeyd edib.
Sabiroğlu onu da bildirib ki, 31 avqust 2017- ci il tarixdə Rüfət Səfərova öyrədilmiş bir dustaq bıçaqla hücum edib, cəzaçəkmə müəssisəsinin rəhbərliyi isə bunun anlaşılmaz olduğunu deyərək, hadisənin ictimailəşdirilməməsini istəyib. “Biz onların sözünə baxdıq və bıçaqlı hücumu ictimailəşdirmədik. İndi görsənir ki, burada heç bir anlaşılmazlıq olmamış , Rüfətə qarşı düşünülmüş surətdə qəsd təşkil edilmişdir. Mən Azərbaycanın ədliyyə rəhbərliyinə müraciət edərək onlardan dustağa qarşı edilən bu işgəncə hərəkətlərdən geri çəkilməyi tələb edirəm. Eyni zamanda beynəlxalq təşkilatlara müraciət edərək bu məsələdə kömək göstərmələrini xahiş edirəm”, – deyə Sabiroğlu bildirib.
Oxunub: 860