Bu günlərdə Mərkəzi Bankın sədri ölkədə bank sisteminin vəziyyəti ilə bağlı nikbin əhval ruhiyyəli açıqlama verdi. Neftin dünya bazar qiymətində bu ildən başlayan pozitiv dəyişikliklərin xarici ticarət və tədiyyə balansında yaratdığı müsbət saldodan ruhlanaraq çıxışını ümidverici notlar üzərində quran baş bankir bilərəkdən artıq çoxdan qərarlaşmış tendensiya xarakteri daşıyan kreditlərin vaxtında qaytarılmaması və ya gecikdirilməsinin, müddətli öhdəliklərin sahibləri tərəfindən vəsaitlərin vaxtından əvvəl geri götürülməsinin, kredit qoyuluşunun aşağı düşməsinə görə banklarda yaranan izafi likvidlik probleminin, bankların cari və müxbir hesablarda vəsaitlərin azalmasının, ikinci ildir ki, davamlı olaraq müşahidə edilən ikirəqəmli inflyasiyanın səbəblərinə toxunmadı. Bir sözlə, ali səviyyədə səslənən yalanları bir az da inkişaf etrirmək məqsədilə açıqlama verən Mərkəzi Bankın sədri nə iqisadiyyatda kredit qoyuluşlarının 25 faizə qədər azalmasından, nə də ki, vaxtı keçmiş kreditlərin əvvəlki illə müqayisədə 20 faizdən çox artaraq, 2 milyard manata yaxınlaşmasından, onun kredit portfelində payının 14 faizi ötməsindən, eləcə də son zamanlar daha sürətlə artan kredit, likvidlik və inflyasiya risklərindən, bütövlükdə isə bank böhranından narahatlıq ifadə etmədi.
Baş bankirin açıqlamasından o da məlum oldu ki, bu ilin sonuna doğru manatın dollar nəzərən məzənnəsindəki cari səviyyə ilə müqayisədə ciddi dəyişillik olmayacaq. Hətta dəyişiklik baş verərsə bu cüzi xarakter daşıyacaq. Bu çıxışdan sonra yaranan qənatlərdən biri də odur ki, hökümət manatın məzənnəsinin ucuzlaşması vasiiəsilə ixracı stimullaşdırmaq sahəsində qərarlı görsənmir. Əslində bu qənaətin yaranmasında da neftin qiymətindəki son bahalaşma müəyyən rol oynayır. Amma davamlı və sabit olmayan qiymətlər aldadıcı xarakterə də malik ola bilər. Odur ki, vaxt itirmədən iqtisadi sahədə dövlət siyasəti, xüsusilə də monetar və fiskal siyasət, məzənnə və ixrac siyasəti əlaqələndiirlməli və eyni mərkəzdən idarə olunan makro iqtisadi
və makro-maliyyə siyasəti yürüdülməlidir.
Yazı müəllifin Facebook səhifəsindən götürülüb
Oxunub: 270