Heykəl məhbusuna və atasına qarşı cinayət işi başlandı
Qiyas və Həsən İbrahimovlara CM-nin 289-cu (məhkəməyə hörmətsizlik) maddəsi ilə ittiham elan olunub
2016-cı il mayın 10-da Heydər Əliyevin heykəlinə “Qul bayramınız mübarək!” şüarı yazdıqdan sonra ertəsi gün narkotik ittihamı ilə həbs olunan və 10 il azadlıqdan məhrum edilən Qiyas İbrahimovun barəsində yenidən cinayət işi başlanıb. Heykəl məhbusuna qarşı CM-nin 289.2-ci (məhkəməyə hörmətsizlik) maddəsi ilə ittiham irəli sürülüb. Bu haqda Qiyas İbrahimovun vəkili Elçin Sadıqov məlumat verib.
Vəkil bildirib ki, sentyabrın 27-də Ədliyyə Nazirliyinin İstintaq İdarəsində Qiyasla yanaşı, atası Həsən İbrahimov da təqsirləndirilən şəxs qismində cəlb olunub və ona qarşı da eyni maddə ilə ittiham irəli sürülüb. Onların hər ikisi Bakı Apellyasiya Məhkəməsində Qiyas İbrahimovun işinə baxılarkən hakimlərə qarşı hörmətsizlik etməkdə suçlanır. Heykəl məhbusu və atasından onun 10 il azadlıqdan məhrum edilməsinə dair hökmü qüvvədə saxlamış hakim Vüqar Məmmədov şikayətçi olub.
Həsən İbrahimov bu gün dindirmə zamanı deyib ki, ittihamı qəbul eləmir və özünü təqsirli bilmir. O, sadəcə, oğlunun işinə baxılarkən hakimin qanunsuz hərəkətlərinə etiraz edib.
Qiyas İbrahimov da özünü təqsirli bilmədiyini deyib.
Vəkilin sözlərinə görə, gələn həftə bu iş üzrə istintaqın yekunlaşıb məhkəməyə göndəriləcəyi gözlənilir: “Biz ekspertiza rəyləri ilə tanış olduq, amma qətiyyən orada yazılanlarla razı deyilik. Həmin rəylər birtərəfli, qərəzlidir. Ekspertiza rəylərində hakimə deyilmiş “balalarınızın qarşısına çıxacaq” ifadəsi də hakimə qarşı təhqir kimi qiymətləndirilib”.
Elçin Sadıqov onu da qeyd edib ki, havalar soyumasına baxmayaraq, Qiyas İbrahimova saxlandığı 2 saylı cəzaçəkmə müəssisəsində döşək verilməyib: “Biz bununla əlaqədar cəzaçəkmə müəssisəsinin rəhbərliyinə iradımızı bildirdik. Dedilər ki, yazın günlərdə məsələ həllini tapacaq”.
Qeyd edək ki, CM-nin 289.2-ci maddəsində 500 manata qədər cərimə, iki ilədək islah işləri və ya altı aya qədər həbs cəzası nəzərdə tutulub.
Yerli və beynəlxalq hüquq-müdafiə təşkilatları Qiyas İbrahimova qarşı ittihamın saxta olduğu, onun məhz heykəli yazdığına görə həbs olunduğu qənaətindədir. “Amnesty İnternational” beynəlxalq insan haqları təşkilatı həm Qiysı, həm də onunla birlikdə heykələ şüar yazıb, ardınca narkotik ittihamı ilə həbs olunan və 10 il azadlıqdan məhrum edilən Bayram Məmmədovu “vicdan məhbusu” elan edib.
Azadliq.info
Oxunub: 986