Sentyabrın 23-də Bakıda, İnşaatçılar metrostansiyasının yaxınlığındakı Məhsul meydanında Milli Şuranın etiraz mitinqi keçirilib. Mitinq Azərbaycan hakimiyyətinin aşkarlanmış sonuncu – 3 milyard dollarlıq korrupsiya əməliyyatı ilə bağlıdır.
Mitinqə Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü İbrahim İbrahimli aparıcılıq edib.
AXCP sədri Əli Kərimli çıxışı zamanı məlumat verib ki, hakimiyyət mitinqi pozmaq üçün 50 nəfərdən çox fəalı, o cümlədən mitinq komitəsinin üzvlərini (təşkilatçıları) həbs edib. Həbs edilənlərdən biri də Milli Şuranın əvvəlki mitinqlərinin aparıcısı İlham Hüseyndir. Ona və mitinq komitəsinin üzvləri Bəhruz Həsənli, Aqil Əli Məhərrəm, Emil Səlimov, Saqif Qurbanova 15 sutka inzibati həbs verilib.
Polis çoxlu sayda şüarların meydana keçirilməsinə imkan verməyib, onları qapının ağzında müsadirə edib.
Mitinqdə Milli Şuranın Koordinasiya Mərkəzinin üzvləri – AXCP sədri Əli Kərimli, Rövşən Əhmədli, Gültəkin Hacıbəyli, AXCP Ali Məclis sədri Nurəddin Məmmədli və Milli Şuranın sədri Cəmil Həsənli çıxış edib.
Çıxışlarda hakimiyyət xalqa zidd siyasəti, korrupsionerliyi, ölkədə insan haqlarını pozması və başqa problemlər barədə danışılıb, sərt tənqidlər səsləndirilib.
Oxunub: 8186