Sentyabrın 29-da Bakı Apellyasiya Məhkəməsində hakim Qədim Babayevin sədrliyi ilə AXCP Suraxanı şöbəsinin fəalı Nicat Nizamova inzibati həbs tətbiq olunmasından verilən apellyasiya şikayətinə əsasən məhkəmə prosesi keçirilib.
Məhkəmə prosesi açıq keçirilib, prosesdə N. Nizamov və vəkili Fariz Namazlı da iştirak ediblər.
Vəkil Fariz Namazlı bildirib ki, N. Nizamov 23 sentyabr tarixində keçiriləcək mitinq qabağı guya polisə müqavimət maddəsi ilə 10 sutka müddətinə inzibati qaydada həbs olunub və inzibati xəta haqqında protokolda göstərilib ki, Nicat Nizamov polisin qanuni tələblərinə məhəl qoymayaraq, onlarla birlikdə bölməyə getməkdən imtina edib:
“Polis əməkdaşları da onu polis bölməsinə aparmaq istədiklərini onunla əsaslandırıblar ki, guya həmin ərazidə oğurluq halı olub və bununla bağlı onun şəxsiyyətini müəyyənləşdirmək zəruridir. Ümumiyyətlə, Suraxanı rayon Məhkəməsinin qərarında da izah olunmayıb ki, Nicat hansı inzibati xətanı törədib, burada polisin qanuni tələbləri nədən ibarət idi, hansı polis əməkdaşları, başqa hansı şəxslər o ərazidə olub – bu kimi hallar izah olunmayıb”.
Nicat Nizamov məhkəmədə bildirdi ki, onu polis bölməsinə çağıranda o rəsmi qaydada çağırış vərəqəsini tələb edib:
“Çağırış vərəqəsi verilmədiyindən mən polislə getmək istəmədim və bildirdim ki, rəsmi qaydada çağırış vərəqəsi olarsa, özüm polis bölməsinə gedib ifadəmi verərəm. Həbsimin də səbəbi mitinqdə iştirak etmək istəyimlə bağlı olub”.
Qısa sürən müşavirədən sonra hakim Q. Babayev apellyasiya şikayətinin təmin olunmadığını élan edib.
Qeyd edək ki, 22 sentyabr 2017-ci il tarixində səhər saatlarında AXCP Suraxanı şöbəsinin fəalı Nicat Nizamovun evinə basqın edilərək, atası Suraxanı rayon polis şöbəsinin 30-cü bölməsinə aparılıb, oğlunun gəlməsi tələb olunub. Sonradan aparılan Nicat Nizamova xəbərdarlıq edilərək sərbəst buraxılıb. 23 sentyabr tarixində səhər tezdən Suraxanı rayon polis şöbəsindən evinə gələrək onu 30-cu polis bölməsinə aparıblar. Həmin tarixdə Suraxanı rayon məhkəməsinin qərarı ilə Nicat Nizamov İ.X.M-nin 535.1 maddəsi ilə (polisə müqavimət) 10 sutka inzibati həbs cəzası alıb.
Oxunub: 246