Jurnalist Ziya Əsədli saxta iş üzrə həbs edilib, vəkil Elçin Sadıqov belə hesab edir.
Müxalif “Azadlıq” qəzetinin bölgə müxbiri Əsədliyə qarşı Biləsuvar rayon Polis Şöbəsində bu il mayın əvvəllərində cinayət işi açılıb.
Həmin vaxt jurnalist bildirib ki, ona qarşı təzyiq Neftçala rayonunun Xırmandalı kənd sakinlərinin etiraz aksiyasından hazırladığı videoreportajdan sonra başlayıb.
Vəkil Elçin Sadıqovun verdiyi məlumata görə, Əsədli sentyabrın 5-də Biləsuvar rayon Məhkəməsi tərəfindən üç il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib və məhkəmə zalında həbs edilib.
Sadıqov hökmün çıxarılmasından sonra Əsədlinin müdafiəsinə qoşulub və artıq apellyasiya şikayəti yazıb.
Jurnalist yerli çayxana sahibinin şikayəti ilə mühakimə edilib. Əslində isə o, özü hücuma məruz qalıb.
Əsədli aprelin 9-da Biləsuvar şəhərində çayxanaya daxil olduqda çayxana sahibi ona “burada müxalifətçilərə yer olmadığını” deyib.
Bu hadisədən sonra Əsədli təxribatlardan ehtiyatlandığı üçün bir daha bu çayxanaya getməyib.
Amma aprelin 19-da jurnalist çayxananın yanından keçərkən çayxana sahibi ona hücum edib və bir neçə dəfə zərbə endirib.
Jurnalist hücum haqqında dərhal DİN-in “102” xidmətinə məlumat versə də, sonradan ona qarşı Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi açılıb. Sonradan iş daha ağır maddə olan 221.3-cü (xuliqanlıq, silahdan və ya silah kimi istifadə olunan əşyadan istifadə ilə törədildikdə) maddəyə tövsif edilib.
Jurnalist guya mobil telefonla çayxana administratorunun başına vurub.
Vəkil qeyd edib ki, ibtidai istintaq və məhkəmə prosesi obyektiv olmayıb. İşdə “şahidlər” də həmin çayxananın işçiləri olub.
Müdafiə tərəfi hökmdən şikayət verib və jurnalistə bəraət verilməsinə nail olmağa çalışacaq.
Oxunub: 150