Azərbaycan Vəkillər Kollegiyasının sədri Azər Tağıyev səhhətilə əlaqədar vəzifəsindən istefa verib. Bunu Vəkillər Kollegiyası sədrinin vəzifəsini icra edən Fərhad Nəcəfov bildirib.
Onun sözlərinə görə, 2016-cı ilin dekabrında, ya da 2018-ci ilin yanvarında keçiriləcək konfransda yeni sədr seçkisi olacaq.
Bu, oktyabr ayında Kollegiyaya yeni vəkillərin qəbulu üzrə imtahanın keçirilməsilə bağlıdır. Sədrin istefa verməsilə əlaqədar imtahan bir qədər gec keçirilə bilər. İmtahanda iştirak üçün 1019 nəfər ərizə verib.
69 yaşlı A.Tağıyev SSRİ dönəmindən qalan Vəkillər Kollegiyasına 1995-ci ildən rəhbərlik edib. Həmin vaxtdan MSK-nın üzvüdür. 2004-cü ildə vəkillik və vəkil fəaliyyəti haqqında qanunun qəbulu ilə əlaqədar Kollegiya yenidən formalaşıb və A.Tağıyev sədr postunu saxlayıb. 2012-ci il konfransında A.Tağıyev yenidən sədr postuna seçilib.
Kollegiya hakimiyyətdən asılı orqan reputasiyasına malikdir. Son illər müstəqil baxışları, fəal vətəndaş mövqeyi ilə seçilən, hüquq müdafiəçiləri tərəfindən siyasi məhbus kimi tanınan şəxsləri müdafiə edən bir sıra tanınmış vəkil Vəkillər Kollegiyasından xaric edilib.
Əsasən Aslan İsmayılov, Xalid Bağırov, Əlaif Həsənov, Elçin Namazovun vəkil fəaliyyəti dayandırılıb.
Digər vəkillərin də çıxarılmasına təşəbbüs göstərilib, ancaq sonradan onlar bərpa oluna biliblər.
Hazırda Vəkillər Kollegiyasında 900-ə yaxın vəkil daxildir.
Oxunub: 416