Müdafiə Nazirliyi Hərbi Dəniz Qüvvələrinin (HDQ) keçmiş komandanı, 8 il 6 ay şərti cəza almış vitse-admiral Şahin Sultanov yenidən məhkəmə önünə çıxarılıb. Bu gün Bakı Apellyasiya Məhkəməsində onun işi üzrə məhkəmənin ilkin baxış iclası keçirilib.
Vitse-admiral və onunla birlikdə mühakimə olunub, hökmdən narazı qalaraq, apellyasiya şikayəti verənlərin işinə Bakı Apellyasiya Məhkəməsində Elşad Şamayevin sədrlik etdiyi hakimlər kollegiyası baxır.
Bu iş üzrə apellyasiya məhkəməsində bundan əvvəl də məhkəmənin hazırlıq iclası keçirilmişdi. O zaman məlum olmuşdu ki, prokurorluq da Şahin Sultanov və digərlərinə şərti cəza verilməsindən narazı qalıb və apellyasiya protesti verib. Həmin iclasda təqsirləndirilən şəxslər və vəkilləri etiraz etdilər ki, protesti vermək üçün qanunda nəzərdə tutulan müddət ötürülüb. Ona görə də protest qəbul olunmamalıdır.
Amma apellyasiya məhkəməsi bu məsələyə baxmaq üçün işi yenidən Bakı Hərbi Məhkəməsinə qaytardı. Baxmayaraq ki, protest hökmdən dörd ay sonra verilirdi, məhkəmə onun qəbul olunması haqda qərar çıxartdı.
Bugünkü məhkəmədə Şahin Sultanov bir daha Hərbi Prokurorluğun apellyasiya protestinə etiraz edib. O bildirib ki, Hərbi Prokurorluq tərəfindən apellyasiya protestinin verilməsi üçün müddət aprelin 6-da bitib: “Qanuna əsasən, Hərbi Prokurorluğun vəsatətinin təmin edilməsi üçün prokurorluq gecikməyə görə üzrlü səbəb göstərməli idi. Belə səbəb isə yoxdur. Özləri dörd ay yubadıblar”.
Şahin Sultanovun vəkili Telman Abdıyev vəsatətlə çıxış edərək, prosesin məhkəmə istintaqı ilə keçirilməsini istəyib: “Cinayət işi üzrə şahid qismində adı keçən Əli Allahverdiyevin yenidən məhkəmədə dindirilməsini tələb edirik”.
Amma vəsatətlərin heç biri təmin olunmayıb.
Məhkəmənin baxış oktyabrın 4-nə təyin olunub.
Vitse-admiral eyni zamanda, Məhkəmə-Hüquq Şurasına da müraciət edib. Göstərib ki, məhkəmənin uydurma səbəbi “üzrlü” sayıb prokurorluğun 4 ay gecikmiş vəsatətini qəbul etməsi Azərbaycan qanunlarına qarşı saymamazlıq və hörmətsizlikdir.
“Bakı Hərbi Məhkəməsinin ədalətsiz və əsassız hökm çıxarması, dörd ay ərzində apellyasiya şikayətini və sənədləri Bakı Apellyasiya Məhkəməsinə göndərməməsi, heç bir qanuni əsas olmadan Hərbi Prokurorluğun protestlə bağlı vəsatətini təmin etməsi göstərir ki, hakimlər qanunlar əsasında yox, Hərbi Prokurorluğun istəyi və sifarişi əsasında qərar qəbul edirlər. Belə çıxır ki, məhkəmə prokurorluğu protestə görə lazım gəlsəydi, altı ay da gözləyə bilərdi”, – deyə Şahin Sultanov Məhkəmə Hüquq Şurasına yazır.
Ş.Sultanov 2014-cü ilin aprelində həbs olunub. Həmin vaxt Hərbi Prokurorluq açıqlama yaymışdı ki, Hərbi Dəniz Qüvvələrində aparılan yoxlamalar zamanı pozuntular aşkarlanıb. Həmin ilin dekabrında Sultanov barəsində həbs-qətimkan tədbiri ev dustaqlığı ilə əvəz olundu və o, azadlığa buraxıldı.
Ş.Sultanov Cinayət Məcəlləsinin 313 (vəzifə saxtakarlığı) və 179.3.2-ci (mənimsəmə – külli miqdarda törədildikdə) maddələri ilə təqsirli bilinib və ona 8 il 6 ay şərti cəza verilib. Prokuror isə onun 13 il azadlıqdan məhrum edilməsini istəmişdi.
Azadliq.info
Oxunub: 356