Nardaranda ikisi polis, dördü yerli sakin olmaqla, 6 nəfərin öldüyü əməliyyatdan sonra həbs olunanların sayı 100-ə yaxın olsa da, onlardan 42 nəfərə terrorçuluq, dövlət çevrilişinə cəhd və s. ağır maddələrlə ittihamlar verildi. Onlar da ayrı-ayrılıqda üç qrupda mühakimə olundular. Müsəlman Biliyi Hərəkatının sədri Taleh Bağırov və daha 16 nəfərin məhkəməsi yekunlaşıb. Hər birində 12 nəfərin mühakimə olunduğu iki məhkəmə prosesi isə davam edir.
İlahiyyatçılar Zülfüqar Mikayılov, Elman Ağayev və daha 10 nəfərin işi üzrə “Nardaran işi-3” məhkəməsi də yekunlaşmaq üzrədir. Artıq məhkəmə istintaqı başa çatıb, prokuror təqsirləndirilən şəxslərə 14 ildən 16 ilə qədər həbs cəzası istəyib. Bakı Ağır Cinayətlər Məhkəməsində hazırda bu işdə vəkillərin çıxışları mərhələsidir.
Oktyabrın 2-də keçirilən məhkəmədə təqsirləndirilən şəxslərdən Faiq Allahverdiyev, Ruzi İsmayılov və Ramil Seyfullayevin vəkilləri çıxış ediblər. Müdafiəçilər ittihamların saxta olduğunu, heç bir sübut ortaya qoyulmadığı halda, günahsız adamlara 16 ilə qədər həbs cəzası istənildiyini bildiriblər.
“Bu boyda iş materialları arasından bircə sənəd göstərin ki, orada Faiq Allahverdiyevin cinayət törətdiyi sübut olunur. Yoxdur belə sənəd. Faiqin əleyhinə ifadə vermiş şəxsi burada dindirmək istədik, gəlsin, üzümüzə desin. İmkan verilmədi. Məhkəmədə yalnız polislər dindirildi. Guya, evdə axtarış aparıb silah tapıblar. Onların dediklərinin həqiqət olmadığı elə buradakı dindirmələrdə ortaya çıxdı. Belə sübutlarla adamı tutmaq, mühakimə eləmək olmaz”, – Faiq Allahverdiyevin vəkili belə deyib.
Müdafiəçi çıxışının sonunda bəraət hökmü çıxarılmasını istəyib.
Ramil Seyfullayev və Ruzi İsmayılovun hüquqlarını müdafiə edən vəkil Şəhla Hümbətova da ittihamların saxta olduğunu deyib.
Vəkilin sözlərinə görə, doqquz ay davam edən məhkəmə boyunca ittiham tərəfi ortaya heç bir sübut qoya bilmədi: “Bu proses başlayandan səbirsizliklə dövlət ittihamçısının çıxışını gözləyirdim. Çünki ittiham aktı hərəsi bir səhifə olan anlaşılmaz, şablon cümlələrdən ibarət idi. Bilinmir ki, bu adamlar hansı cinayəti törədiblər. Hansı əsasla adamları dövlət çevrilişinə cəhddə, terrorçuluqda ittiham edirlər. Amma doqquz aylıq məhkəmənin nəticəsi olaraq, prokuror elə ittiham aktındakı cümlələri təkrarlayıb adamlara 16 ilə qədər həbs cəzası istədi. Şəxsən mənim özümə də, təqsirləndirilən şəxslərə də aydın deyil ki, bu adamlar niyə iki ildir həbsdədir. Dövlət ittihamçısı istəyir ki, onlar bundan sonra 15-16 il də həbs qalsınlar”.
Təqsirləndirilən şəxslərin mütəşəkkil dəstənin üzvləri kimi təqdim olunduğunu deyən vəkil hesab edir ki, bu ittiham absurddur.
Ş.Hümbətovanın sözlərinə görə, cinayətkar qrup kimi Müsəlman Birliyi Hərəkatı göstərilib. Amma müdafiəçi deyir ki, bu təşkilatın yaranması da, fəaliyyəti də qanun çərçivəsində olub: “Müsəlman Birliyi Hərəkatı 2015-ci ildə, qeyri-hökumət təşkilatı kimi yaranıb. Yanvarın 11-də təsis olunub, 13-də təsis konfransı keçirilib, Nizamnamə qəbul olunub, İdarə Heyəti seçilib. Bu təşkilatın Nizamnaməsinə baxmaq kifayətdir ki, onu mütəşəkkil cinayətkar dəstə kimi təqdim etməyin absurd və gülməli olduğunu görəsən. Nizamnamənin elə birinci bəndində yazılıb ki, “bu qurum müstəqil, azad fikirli, Azərbaycanın inkişafını istəyən şəxslərin birliyidir”. Təşkilatın məqsədi kimi, maarifləndirmə işinin aparılması, cəmiyyətdə əxlaq normalarının aşılanması və s. xoş məramlar ifadə olunur. Cəmiyyətin əxlaqlı, ölkənin demokratik olmasını istəmək cinayətdir?”
Hüquqlarını müdafiə etdiyi şəxslərə qarşı ittihamların məhkəmədə sübuta yetirilmədiyini deyən vəkil bəraət hökmü çıxarılmasını istəyib.
Məhkəmə oktyabrın 4-də qalan vəkillərin müdafiə çıxışı və təqsirləndirilən şəxslərin son sözü ilə davam edəcək. (Azadlig.org)
Oxunub: 346