Vergilər Nazirliyi oktyabrın 2-də Turan agentliyinin hesabları olan banklara hesaba daxil olan pul vəsaitlərinin agentliyin vergi borcunun ödənilməsi üçün müsadirə edilməsi haqqında göstəriş göndərib. Bu barədə Turan agentliyi məlumat yayıb.
Məlumatda deyilir ki, bu qərar agentliyin oktyabrın 1-dən işini bərpa etməsindən sonra banklara göndərilib.
Sentyabrın 5-də də banklara belə bir göstəriş göndərilmişdi, amma sentyabrın 15-də Vergilər Nazirliyi agentliyin hər-hansı borcunun olmaması haqqında məlumat göndərdikdən sonra ləğv edilmişdi.
Amma sentyabrın 18-də Vergilər Nazirliyi yenidən agentliyə 37 min manat ölçüsündə borcun bərpa edildiyi haqqında bildiriş göndərib.
Bu fonda baş prokuror Zakir Qaralov sentyabrın 30-da “gözlənilmədən” jurnalistlərə bildirib ki, Turan agentliyinin işi üçün heç bir problem yoxdur. Baş prokuror bu nikbinliyinin səbəbini izah etməyib.
Xatırladaq ki, avqustun 7-də Bakı Lokal Vergilər Departamenti agentliyin 31 iyul 2014-cü ildən 31 iyul 2017-ci ilə qədər olan dövrdə 26 907 manat məbləğində vergi ödənişindən yayınması və təxminən 10 000 manat cərimə tətbiq edilməsi haqqında qərar çıxarıb. Agentlikdən tələb olunan ümumi məbləğ təxminən 37000 manat təşkil edib.
Avqustun 8-də Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti faktla bağlı səyyar yoxlamaya başlayıb.
Buna paralel olaraq, agentliyə qarşı cinayət işi açılıb, onun direktoru Mehman Əliyev avqustun 24-də həbs edilib. Sentyabrın 11-də ona qarşı “başqa yerə getməmək” haqqında qətimkan tədbiri seçilib.
Agentlik bu qərarı qanunsuz hesab edib və avqustun 14-də 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə müraciət edib. Məhkəmə iclası sentyabrın 27-nə təyin edilib və tərəflərin iştirakı ilə keçirilib. Növbəti iclas oktyabrın 11-də keçiriləcək.
Agentlik bildirir ki, avqust ayından etibarən agentliyin maliyyə-təsərrüfat fəaliyyəti iflic vəziyyətindədir. Agentliyin əməkdaşları sentyabrın 5-dən müvəqqəti ödənişsiz məzuniyyətə göndərilib və könüllü əsaslarla işi qismən davam etdirirlər.
Oxunub: 170