Təhsil naziri ilə bağlı məsələ aydındır, o, qoruq müdiri olub, amma bəs tarixçilər hardadır?
Azərbaycanın orta məktəb şagirdləri üçün nəzərdə tutulan dərslikdə təsvir kimi verilən xəritə günün mövzularından biridir. Bu xəritədə Azərbaycan ərazisi tarixi Ermənistan kimi qeyd edilib. Bu, panslavyanist yanaşmayla yazılan tarixdir və gerçəklə heç bir əlaqəsi yoxdur. Məsələnin bu tərəfi ilə tarixçilər maraqlansınlar. Amma diqqəti çəkən budur ki, belə bir dərslik Azərbaycan məktəblilərinə hansı ağılla təqdim edilib. Birinci ehtimal budur ki, sadəcə «kopyalayıblar» və elə sona qədər də bu versiyanın üstündə qala bilərsiz. «Kopyalamaq» da dərslik üçün ayrılan vəsaitin şişirdilərək mənimsənilməsi variantını doğurur. Yəni, adicə korrupsiya əməliyyatıdır. Təhsil Nazirliyinin daxilində və çevrəsində korrupsiya burulğanlarının hərlənməsi hamıya aydındır. Kitabın «müəllif» korpusu isə xüsusi heyrət doğurur. Ona görə «müəllif» sözünü dırnaqla yazırıq ki, köçürülübsə, bu, müəlliflik haqqı yaratmır, plagiat da deyil, eləcə, köçürmədir və texniki işdir…
«Müəllif»lərin siyahısı maraq doğurur və bu siyahıya birlikdə baxmağı təklif edirik.
1. Təvəkklü Əliyev – AMEA Arxologiya və Etnoqrafiya İnstitutunda çalışır. Deputat Araz Əlizadənin yaxın qohumudur.
2. Faiq Babayev – AMEA Arxologiya və Etnoqrafiya İnstitutunda çalışır.
3. Rövşən Hətəmov – Bakı Dövlət Universitetinin ABŞ və Avropa ölkələri tarixi kafedrasında işləyir. Kimin qohumu olduğunu hələ ki, dəqiqləşdirə bilməmişik.
4. Niyaməddin Quliyev – orta məktəblərin birində müəllim işləyir və ali təhsili var.
5. Pərviz Ağalarlı – Zərifə Əliyeva adına litseydə tarix müəllimi işləyir.
6. Şamil Əmrahov – Bakıda orta məktəblərin birində tarix müəllimidir.
7. Elşən Qasımov – Bakıda orta məktəblərin birində dərs deyir.
8. Kamran Əsədov – «təhsil eksperti»dir.
9. Elnur Hüseynov – Lənkəran Dövlət Universitetindən qovulub, sonra Zərifə Əliyeva adına litseyə müəllim işinə götürülüb. Orada da bir şagirdi döydüyü üçün işdən uzaqlaşdırılıb. Daha sonra isə arxasılnda dayanan adamları onu orta məktəblərin birinə direktor təyin etdiriblər.
«Müəllif» korpusunun peşəkarlığı göz qamaşdırır. Müəllifliklə bağlı məsələ şübhə altına düşdüyü üçün bir az daha arxayın şəkildə demək olar ki, sözü gedən dərsliyə dərs vəsaiti kimi yox, korrupsiya vəsaiti kimi baxılıb. Amma yalnız bu deyil. Yəqin ki, bütün dərsliklərlə bağlı məsələ, elə bu şəkildədir. «Gənc nazir» Mikayıl Cabbarovun kadr islahatları belə bir vəziyyət yaradıb. Xatırlanan fakt isə, olduqca böyük təxribatdır. Söhbət acı tarixi gerçəkləri yazaraq özünü elm fədaisi kimi qələmə verənlərin şücaətindən gedə bilməz. Söhbət tarixi saxtakarlığı, üstəlik, Azərbaycana düşmənçilik üzündən yaradılan tarixi saxtakarlığı orta məktəb şagirdlərinin masasının üzərinə qədər gətirib çıxaran təcribatın «həmmüəllifi» olmaqdan gedir.
Azərbaycanda elə bir tarixçi, dələduz deyil, həvəskar deyil, elə bir peşəkar tarixçi tapa bilməzsiz ki, indiki Azərbaycan ərazisində nə zamansa guya Ermənistan adlı bir siyasi- coğrafi vahidin olduğunu təsdiq etsin. Nə belə bir tarixçi var, nə də elə bir tarixi fakt.
Ehtimal edəkmi ki, orduda birdən-birə aşkara çıxan yüzlərlə casusun isti izlərini Təhsil Nazirliyinin kuluarlarında da axtarmağa ehtiyac var? Əgər belə bir ehtimal yoxdursa, o zaman niyə dərsliklərin tərtibatı kimi mühüm və strateji bir məsələ təsadüfi elementlərə həvalə edilir. «Yoxdur», «zəifdr»- dedik, yəni o günə qaldıq ki, Elmlər Akademiyasında tarix tərsliyi tərtib edə biləcək qədər də peşəkar qrup yoxdur?
Azad Akifoğlu
Oxunub: 338