Atlantik okeanında keçirilmiş beynəlxalq hüquq-mühafizə əməliyyatı yedək gəmisində 4 tona yaxın kokainin aşkarlanması ilə nəticələnib.
Britaniyanın Cinayətkarlıq əleyhinə Dövlət Agentliyinin (NCA) yaydığı məlumata görə, NCA tərəfindən ötürülən məlumat əsasında keçirilmiş əməliyyat zamanı İspaniya rəsmiləri oktyabrın 1-də Madeyra ilə Azor adaları arasında İspaniya sahil xəttindən təxminən 643 km məsafədə olan Thoran adlı okean gəmisini saxlayıb.
Axtarış nəticəsində gəmidə 165 kokain paketi aşkar olunub.
Hər paketdə 23 kiloqram kokain tozu olduğu və aşkar olunmuş kokainin ümumi çəkisinin isə təxminən 3.700 kiloqram təşkil etdiyi bildirilir.
Narkotikin hansı ünvana aparıldığı naməlum qalsa da, qeyd olunur ki, aşkar olunmuş kokain Avropada satılsa idi, bundan əldə ediləcək gəlir 200 milyon funt sterlinq və ya 261 milyon dollardan çox ola bilərdi.
Gəminin heyəti altı Türkiyə vətəndaşı və bir Azərbaycan vətəndaşından ibarət olub.
Onlar İspaniya polis əməkdaşları tərəfindən həbs edilib.
Komor adaları bayrağı altında hərəkət edən gəmi oktyabrın 1-də İspaniyanın Cadiz limanına gətirilib.
Məlumata əsasən, əməliyyat NCA, İspaniya Gömrüyü, İspaniya Dövlət Polisi və İspaniya Mülki Qvardiyası tərəfindən birgə həyata keçirilib, və Lissabonda yerləşən beynəlxalq Narkotik əleyhinə Dəniz Əməliyyatları və Təhlili Mərkəzindən koordinasiya olunub.
Oxunub: 110