Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 50 milyard 67,3 milyon manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal edilib.
Dövlət Statistika Komitəsi xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,6% azdır.
Xatırladaq ki, 2017-ci ilin yanvar-avqust aylarının yekununda iqtisadiyyatdakı geriləmə 1,1% təşkil etmişdi. Başqa sözlə, ölkədə iqtisadi geriləmə zəifləyib.
Hesabat dövründə əhalinin adambaşına düşən ÜDM-in həcmi isə 1,6% azalaraq 5 149,4 manat təşkil edib.
ÜDM-in 62,57%-i və yaxud 31 milyard 327,2 milyon manatlıq hissəsi qeyri-neft sektorunun payına düşüb. Bu, illik müqayisədə 2,5% çoxdur.
ÜDM-in strukturunda sənayenin payı 56,58% və yaxud 28 milyard 329,4 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 5,3% azdır. Yanvar-sentyabr aylarında ölkədə 6 milyard 704,2 milyon manatlıq qeyri-sənaye məhsulu istehsal olunub ki, bu da ötən ilin 9 ayı ilə müqayisədə 3,1% çoxdur.
Oxunub: 64