Əli Həsənovun alovlu çıxışı Rusiyanı niyə yandırmadı?
YAP hakimiyyətinin sevimli mövzularından biri də, “ikili standartlar” mövzusudur. Hər dəfə demokratiyadan, qanunun aliliyindən, beynəlxalq öhdəliklərə əməl etməkdən söhbət düşəndə Azərbaycan hakimiyyəti “erməni lobbisi”, “dünya bizə paxıllıq edir” arqumentləriylə yanaşı, “ikili standartlar”dan da sipər kimi istifadə edir. Amma hər dəfə də faktlar göstərir ki, bu sipər nəinki gülləyə, daşa da tab gətirə bilmir.
Noyabrın 22-də Yunanıstanın paytaxtı Afina şəhərində “Avro–Aralıq dənizi tərəfdaşlığının humanitar problemlərinin həlli” mövzusunda XIII Toplantı işə başlayıb. Toplantıda Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Ə.Həsənov da iştirak edib və geniş nitq söyləyib. Ə.Həsənov bildirdi ki, hazırda beynəlxalq münasibətlər sistemində hökm sürən “ikili standartlar” siyasəti etnik separatçılığa qarşı qətiyyətli və prinsipial şəkildə mübarizə aparılmasına maneçilik törədir. “Bəzi hallarda aparıcı beynəlxalq təşkilatlar etnik separatçılığın aradan qaldırılmasını nəzərdə tutan, təsirli mübarizə metodlarını və cinayətkarların cəzalandırılması mexanizmini özündə ehtiva edən hüquqi normalara bütün dünya dövlətlərinin əməl edib-etmədiyi məsələsinə biganə yanaşırlar. Bu isə BMT, ATƏT və Avropa Şurası kimi təşkilatların obyektivliyinin və prinsipiallığının üzərinə kölgə salır” deyə Əli Həsənov bildirib.
Daha sonra Əli Həsənov dünyadakı konflikt ocaqlarından, beynəlxalq hüquqdan danışıb.
Amma yenə də çıxışda səmimiyyət izi görünməyib. Çünki, bugün dünyadakı konflikt ocaqlarının kibrit çəkəni Rusiyadır. Son olaraq Rusiyanın yaratdığı Dombas və Krım problemi ortaya çıxdı. Azərbaycanın 20 faiz ərazisinin itirilməsi və bu əraziyə 25 ildir Ermənistanın nəzarət edə bilməsi də, Rusiyanın sayəsində mümkün olub. Yəni, bugün ikilistandatların, konflikt ocaqlarının yaranmasının başında Rusiya amili dayanır. Əli Həsənov isə Qərb təşkilatlarının adını çəkərək, guya problemin həlli yolarını göstərir.
Təbii ki, Əli Həsənovun alovlu çıxışının Rusiyanı yandırmaması təsadüfi deyil. Əvvəla, Azərbaycan hakimiyyəti mənəvi və siyasi baxımdan Rusiya hökumətiylə eyni qabdadır. İkincisi, ən böyük ikili standart yanaşması Azərbaycan hakimiyyətinin öz xalqına qarşı törətdikləridir. Məsələn, erməni əsrini Bakıda gül-çiçəklə qarşılayıb, Qarabağ qazsini şərləyərək həbsə atmaq nümunəsi var. Yaxud, ermənipərəst ölkələrə milyardlar xərcləyib, erməniyə güllə atanların “qan pulu”nu mənimsəmək faktı mövcuddur. Yaxud, hansısa məmurun harın balası ağır cinayət törətdikdə yüngül cəzayla canını qurtarır, amma bir müxalifətçi etmədiyi əmələ görə 10 il həbs cəzası alır.
Demək istəyirik ki, konflikt ocağı yaradanların maraqlarına xidmət edən, ikili standarlatın zirvəsinə qalxan, məhz Azərbaycan hakimiyyətidir. Əli Həsənov ikili standartlardan danışır, amma təmsil olunduğu komanda bütün siyasi, hüquqi, mənəvi standartları yandırıb.
Ona görə də belə çıxışlar beynəlxalq tribunalardan da qeyri-ciddi görünür. Hamı bilir ki, Rusiya Azərbaycan hakimiyyətindən demokratiya, azadlıq, insan haqlarına hörmət tələb etmədiyinə görə, hakimiyyət onun bütün anti-Azərbaycan əməllərinə göz yumur. Beynəlxalq hüquqa gəlincə, Azərbaycandakı vəziyyət göz önündədir. Azərbaycandakı hüquqsuzluğun miqyası o qədər çoxdur ki, Avropa məhkəməsinin bu hüquqsuzluqlarla bağlı qərarları tükənmək bilmir. İnsanların siyasi baxşılarına, tənqidi yazlarına, yaltaq olmadıqlarına görə cəzalndırıldığı ölkənin təmsilçisinin, beynəlxalq tribunadan “ikili standart”dan, beynəlxalq hüquqdan danışması absurddur.
Akif
Oxunub: 486