Nardaran məhbusları Taleh Bağırovun məhkəmədə dindirilməsini tələb edir…
Nardaran hadisələrinə görə həbs olunmuş Əmirəli Əliyev 14 saylı hüquq məsləhətxanasında çalışan vəkil Aytən Əliyevadan narazıdır. Deyir ki, həbsinin ilk günlərində ona dövlət hesabına bu xanımı vəkil təyin ediblər, amma ona vəkillik eləməyib. Üzünü görmədən, şikayətlərini dinləmədən müstəntiqin tərtib elədiyi protokollara imza atıb. Əmirəli Əliyev məhkəmədə vəsatət qaldırıb ki, vəkil Aytən Əliyeva üzərinə düşən vəzifəni yerinə yetirmədiyinə görə onun cəzalanması üçün Vəkillər Kollegiyasına müraciət olunsun.
Əmirəli Əliyev daha 11 nəfər, o cümlədən “Müsəlman Birliyi” hərəkatının sədr müavini, ilahiyyatçı Elçin Qasımovla birlikdə 11 aydır ki, Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunur. Şərti olaraq, “Nardaran-2” adlandırılan bu işə Mayıl Bayramovun sədrlik etdiyi hakimlər kollegiyası baxır.
“ƏLLƏRİNDƏ DƏMİR, GUYA SİLAH-SURSAT AXTARIRLAR”
Hakim Əmirəli Əliyevə deyib ki, bu məsələyə yekun hökmdə qiymət veriləcək. Əgər vəkilin hərəkətlərində qanunsuzluq aşkarlansa, Vəkillər Kollegiyasına müraciət olunacaq.
Məhkəmədə təqsirləndirilən şəxslərdən Seymur Aslanovun atası Tərlan Aslanov dindirilib. Deyib ki, həyətindən tapıldığı və oğlu Seymura məxsus olduğu iddia olunan qumbaranı həyətə elə onu tapanların özləri qoyub: “Səhərə yaxın saat beş olardı. Bağban məni çağırdı, gördüm ki, həyətdə xeyli adam var. Bütün həyətə səpələnmişdilər. Həyətimizdə dörd ev var, üçü oğlanlarımın, biri isə özümün yaşadığım ev. Əllərində dəmir, guya silah-sursat axtarırlar. İki saat axtarandan sonra guya kiçik oğlumun evinin küncündən qumbara tapdılar. Dedim ki, həyət mənimdi, aparırsınızsa, məni aparın. Dedilər ki, yox, Seymuru aparmalıyıq…”
Məhkəmədə təqsirləndirilən şəxslər bir neçə vəsatət qaldırıblar. Məsələn, onlar Nardaran hadisələrinə görə 20 il həbs cəzası almış ilahiyyatçı Taleh Bağırovun gətirilib məhkəmədə dindirilməsini istəyiblər. Vəsatəti də belə əsaslandırıblar ki, cinayət işinin materiallarında onların üzərindən “Taleh Bağırzadənin müraciəti” adlı kitabçanın tapıldığı iddia olunur. İstintaq orqanının iddiasına görə, həmin kitabça Taleh Bağırovun sözləri əsasında yazılıb. Ona görə təqsirləndirilən şəxslər hesab edir ki, ilahiyyatçı məhkəmədə dindirilməli, belə bir kitabçanın olub-olmadığına aydınlıq gətirməlidir.
“HƏMİN GÜN HƏBS OLUNMUŞAMSA…”
Taleh Bağırov öz məhkəməsində bildirmişdi ki, onların həbsinə qədər belə bir kitabça ümumiyyətlə olmayıb, onu Nardaran hadisələrindən sonra hüquq-mühafizə orqanlarının əməkdaşları hazırlayıb, iş materiallarına əlavə ediblər: “Kitabçada 26 noyabr 2015-ci ildə Nardaranda keçirilmiş əməliyyatdan bəhs olunur. Həmin gün mən həbs olunmuşamsa, əvvəlcədən mən bunları necə görüb o kitabçada yazdıra bilərdim?”
Amma hakimlər Taleh Bağırovun, eləcə də Nardaran hadisələrinə görə həbs olunub, dövlət çevrilişinə cəhd, terrorçuluq kimi ağır maddələrlə ittiham olunan digər 28 nəfərin bu məhkəmədə dindirilməsi haqda vəsatəti təmin etməyib.
Təqsirləndirilən şəxslərdən Elgün Axundovun evində axtarış zamanı götürülmüş 20 min manata yaxın pulun, Ağaəli Yəhyayevin avtomobilinin yaxınlarına qaytarılması haqda da vəsatətlər verilib. Elgün Axundov deyir ki, polislərin götürdüyü pullar başqa adama məxsusdur.
Hakim bildirib ki, bu məsələlərə də sonda qiymət veriləcək.
Daha bir vəsatət isə təqsirləndirilən İsa İbrahimovun atası Tofiq İbrahimovun dindirilməsi haqda olub. Nardaran hadisələri zamanı Kərbəlada olan İsa İbrahimov deyir ki, onun evindən tapıldığı iddia olunan silah-sursatı elə polislər özləri qoyub: “Əgər mənim evimdə silahım olsaydı, elə Kərbəladan qayıtmamışdan əvvəl atama xəbər verərdim, gizlədərdi də…”
Hakimlər Tofiq İbrahimovun evində aparılmış axtarışla əlaqədar dindirilməsinə etiraz etməyib. O, dekabrın 1-də keçiriləcək növbəti məhkəmədə dindiriləcək.
Oxunub: 102