Milli Şuranın sədri Cəmil Həsənli vəkil Yalçın İmanovun məsələsi müzakirə olunmuş iclasın materialları ilə tanış olduqdan sonra bu barədə fikirlərini özünün FB səhifəsində paylaşıb:
“Yalçın İmanovun vəkil fəaliiyətindən uzaqlaşdırılması ilə bağlı VK Rəyasət Heyətinin toplantısının materialları ilə tanış oldum. Rüsvayçılıqdır. Rəyasət Heyətinin üzvləri özlərini vəkil kimi deyil, prokuror və müstəntiq kimi aparırlar. Hüquqlarını müdafiə etdiyi məhbusun ürək parçalayan işgəncələri haqqında onun adından mətbuata məlumat verən, səlahiyyətli orqanlarına müraciət edən Yalçın İmanov VK Rəyasət Heyəti üzvlərinin yarğısına çəkilir. Yarğıdan müdafiə orqanı sayılan Rəyasət Heyəti yarğıçı rolunda çıxış edir.
Yalçın İmanov öz peşə fəaliyyətini vicdanla yerinə yetirdiyinə görə hədəfdədir. Yalçın İmanov siyasi mülahizələrlə fədakarcasına icra etdiyi vəzifəsindən uzaqlaşdırılır. O, göstərişlə deyil, qanuna və konstitusiya uyğun fəaliyyətinə görə VK-dan uzaqlaşdırılır. Dəfələrlə məhkəmə çəkişmələrində onun yüksək intellekt və peşə hazırlığının şahidi olmuşam.
Doğrusu bu qarışıq zamanda, haqqın divana çəkildiyi bu məmləkətdə Yalçın bəy kimi yalnız hüquqi bilikləri, peşə hazırlığı, ədalət axtarışı əzmiylə deyil, şərəf və ləyaqəti, haqsızlığa düçar olmuş insanlara göstərdiyi hüquqi yardımı insanı qayğısı ilə tamamlayan bir vəkilin, bir müdafiəçinin, BİR VƏTƏNDAŞIN formalaşmasından qürur hissi keçirməmək mümkün deyil. Son günlər ölkə içtimaiyyətinin ona göstərdiyi dəstək, beynəlxalq hüquq müdafiə təşkilatlarının həyəcan dolu çağırışları da məhz, bununla bağlıdır”.
Oxunub: 476