‘Ölkə üzrə rentabellik sıfır səviyyəsindəydir”
Noyabrın 28-dək ölkə üzrə 192 min 151,19 ton pambıq tədarük olunub.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,5 dəfə çoxdur.
Belə ki, keçən il noyabrın 28-dək 78 min 210 ton məhsul tədarük edilmişdi.
Bu il ən çox pambıq tədarük edən rayonların siyahısına Saatlı (25 min 104 ton), Biləsuvar (23 min 527 ton), Bərdə (20 min 576 ton), Ağcabədi (18 min 946 ton) və Sabirabad (17 min 014 ton) daxildir.
Aqrar sektor üzrə ekspert Vahid Məhərrəmov Meydan TV-yə bildirib ki, indiyə qədər hər hektardan 1 ton 400 kiloqram pambıq əldə olunub. Ötən ilin bu zamanı hər hektardan 1 ton 700 kiloqram pambıq yığılmışdı.
“Keçən ilki göstərici də əvvəlki illərin göstəricisindən təxminən 2-3 sentner aşağı idi. Prezident İlham Əliyev 2016-cı ilin sentyabrında Sabirabad müşavirəsində 2013 və 2014-cü illəri nəzərdə tutub demişdi ki, hər hektardan 20 sentner məhsul əldə olunub. Amma 2017-ci ildə 30-35, hətta 40 sentner məhsul yığılmalıdır. Amma indiyə qədər hər hektardan 14 sentner məhsul toplanıb. Bu, İlham Əliyevin planlaşdırdığı göstəricidən 3 dəfə aşağıdır. Nəticədə ötən il nə qədər vəsait xərclənmişdisə, bir o qədər də qazanc götürüldü. Nəticədə ölkə üzrə rentabellik sıfır səviyyəsindəydir”.
Ekspert hesab edir ki, əsas istiqamət belə olmalıdır: daha çox məhsul yox, rəqabət qabiliyyətli, ucuz və keyfiyyətli məhsul götürülməlidir. Bazar iqtisadiyyatının tələbi belədir. Təəssüf ki, əldə olunan məhsul deyilən tələblərə cavab vermir.
Vahid Məhərrəmov deyir ki, əksər fermerlər zərərə məruz qaldıqlarından gələcəkdə pambıqçılıqla məşğul olmaqdan imtina edirlər.
“Ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,5 dəfə çox pambıq istehsalı bazar iqtisadiyyatında normal göstərici deyil. Əsas göstərici hər hektardan nə qədər məhsul əldə etməkdir, yəni məhsuldarlıqdır. Azərbaycana pambıq lazımdırsa, daha keyfiyyətli və ucuz pambıq Özbəkistandadır, ala bilərik. Azərbaycanın istehsal etdiyi pambıqdan ucuz başa gəlir və keyfiyyətlidir”.
O, hesab edir ki, neft gəlirləri azaldığından hökumət xaricdən valyuta axınının güclənməsini istəyirdi. Bu isə o zaman mümkündür ki, rəqabət qabiliyyətli və keyfiyyətli məhsul istehsal edirsən və maya dəyərini aşağı salırsan.
“Məhsuldarlıq yüksək olanda maya dəyəri onsuz da aşağı olur. Əslində, ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,5 dəfə çox məhsul əldə olunması əkin ərazisini artırmaq hesabına başa gəlib. 2016-cı ildə 51 min hektar idi, indi 136 min hektardır, 2,7 dəfə artırılıb və 2,5 dəfə artıq məhsul istehsal edilib. SSRİ zamanı bunu etmək olardı, çünki alıcı hökumət idi, alıb kompensassiya edirdi. Hazırda bazar iqtisadiyyatı olduğundan hər hektardan daha çox məhsul əldə etmək lazımdır ki, bazara çıxarılan məhsul daha çox gəlir gətirsin. İndiki halda isə fermerlərə ziyan verəcək”.
O, dünya bazarında pambığın qiymətinin aşağı düşdüyünü bildirib:
“Pambığın qiyməti 1,79 dollardan 1,40 dollara enib. Azərbaycanın istehsal etdiyi pambığın keyfiyyəti aşağı olduğundan bizim məhsula da mövcud qiymətdən aşağı qiymət təklif edirlər. Azərbaycanın alıcısı əsasən Rusiyadır və ucuz alır. Əslində, pambıq qısa zamanda yığılsaydı keyfiyyətli olacaqdı və itkiyə də getməyəcəkdi. Bu il təkrar iki dəfə səpin aparıldığından xərc də çox oldu. Hətta indiki şəraitdə hər hektardan 25 sentner pambıq istehsal etmək bir o qədər də gəlir gətirmir. Ən pisi odur ki, məmurlara məxsus emal müəssisələri pambığı fermerlərdən ucuz qiymətə alıb, onları aldadırlar. Qonşu İranda 1 kiloqram pambığı kəndlidən 90 sentə alırlarsa, Azərbaycanda 30 sentə, 3 dəfə ucuz. Nəticədə emal müəssisələri daha çox gəlir əldə edirlər”.
Oxunub: 292