Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və Antiterror Mərkəzinin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Bakı Hərbi Məhkəməsində hakim Elbəyi Allahverdiyevin sədrliyi ilə keçirilən prosesə Elçin Quliyev xüsusi nəzarət altında gətirilib və məhkəmə zalı yoxlanılıb. Prosesdə hökm oxunub. Hökmə əsasən, Elçin Quliyev 10 il 6 ay, Azər Mehdiyev isə 8 il müddətinə azadlıqdan məhrum edilib.
Məhkəmə zərərçəkmişlərin mülki iddiasını təmin etməyib. Prosesdə təqsirləndirilən şəxslərin hərbi rütbəsinin geri alınması ilə bağlı ölkə başçısına müraciət olunmasına dair qərar qəbul olunub
Məhkəmə DTX-nın təqsirləndirilən şəxslərə qarşı 7 milyon manata yaxın mülki iddiasını təmin edib. Onların əmlakları dövlətin xeyrinə müsadirə olunması haqqında qərar qəbul olunub.
Qeyd edək ki, dövlət ittihamçısı Elçin Quliyevin cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkməklə 15 il, Azər Mehdiyevin 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Bundan başqa, dövlət ittihamçısı təqsirləndirilən şəxslərin rütbələrinin alınması və əmlaklarının zərərçəkənin xeyrinə müsadirə edilməsini, təqsirləndirilən şəxslər tərəfindən Dövlət Təhlükəsizlik Xidmətinə və zərərçəkənlərə vurulan ziyanın tam ödənilməsini istəyib.
Prokuror DTX-ya vurulan 7 milyon manatdan artıq ziyanın ödənilməsini tələb edib. Bundan başqa, zərərçəkənlərə vurulan 500 min manatdan artıq ziyanın ödənilməsi istənilib.
Xatırladaq ki, Elçin Quliyev MTN-in Antiterror Mərkəzinin rəisi olub. Daha sonra MTN-lə bağlı aparılan istintaq zamanı o tutduğu vəzifədən azad edilərək nazirliyin Heydər Əliyev Akademiyasının kafedra rəisi təyin edilib. Ondan sonra isə şübhəli şəxs qismində saxlanılaraq həbs edilib.
Oxunub: 578