Bu gün Balakən rayon Məhkəməsində jurnalist Əfqan Muxtarlının işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Vəkil E.Sadıqov Ə.Muxtarlı haqqında həbs-qətimkan tədbirinin dəyişməsi; onun üzərindən tapıldığı iddia olunan pullarla bağlı yenidən ekspertiza keçirilməsi; sərhəd-buraxılış məntəqəsindən və jurnalistin ölkəyə gələndən sonra aparıldığı hərbi hissədən videogörüntülərin alınması; həmin gün Gürcüstan sərhədinin pozulub-pozulmadığının müəyyənləşdirilməsindən ötrü qonşu ölkəyə sorğu göndərilməsi; bəzi sənədlərin sübutlar siyahısından çıxarılması haqda vəsatətlər qaldırıb.
«Biz həbslə bağlı olmayan istənilən qətimkan tədbirinin seçilməsinə razıyıq. Əfqan Muxtarlının qeydiyyat ünvanı, yaşayış yeri Zaqataladır, qohumları da orada yaşayır. Oradan məhkəməyə gəlib-getməsi daha rahat olar. Ən əsası, onun barəsində həbs-qətimkan tədbiri seçilərkən ittiham tərəfi üç səbəb göstərmişdi – qaçıb gizlənə bilər, şahidlərə təzyiq göstərər, sübutları saxtalaşdırar. Artıq istintaq bitib, bu səbəblər də aradan qalxıb. Hərçənd, heç əvvəl də belə əsaslar yox idi. Pulla bağlı təkrar ekspertiza keçirilsə, onun üzərində gömrükçülərin əl-barmaq izləri tapıla bilər. Xahiş edirik, Əfqan Muxtarlı saxlanılan gün sərhəd-buraxılış məntəqəsindəki görüntülərə baxış keçirilsin. Çünki Əfqan sərhədi qanunsuz keçməyib. Onu Gürcüstanda oğurlayıb, elə sərhəddən keçirib gətiriblər. Görüntülərə baxılsa, bu məsələ aydınlaşar. Daha sonra Əfqan Muxtarlı hərbi hissəyə gətirilib, bir müddət orada saxlanılıb. İstintaqda biz vəsatət qaldırdıq, müstəntiq dedi ki, hərbi hissədə kameralar yoxdur. Ora baxış keçirilsin, görək kameralar var, yoxsa yox…», – vəkil vəsatətlərini belə əsaslandırıb.
Dövlət ittihamçısı Qürbət Məmmədov vəsatətləri əsassız hesab edib və onların təmin olunmamasını istəyib. Prokuror çıxış edəndə Ə.Muxtarlı da danışmağa başlayıb. Bu zaman hakim onun hərəkətini hörmətsizlik kimi qiymətləndirib. Jurnalistin cavabı isə belə olub:
«Mənim elədiyim hörmətsizlik deyil. Hörmətsizlik odur ki, işlə tanış olmadan, papkanı qoltuğuna vurub bura gəlirsən, yalan danışırsan…».
Prosesdə Əfqan Muxtarlının vəkili Elçin Sadıqovun qaldırdığı vəsatətlər təmin edilməyib.
Məhkəmə baxışı dekabrın 14-ü saat 10.30-a təyin edilib.
Oturum izni ilə Gürcüstanda yaşayan Ə.Muxtarlı mayın 29-da həbs edilib.
Jurnalist Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə hakimiyyət nümayəndəsinə müqavimət və ya zor tətbiq etmədə ittiham olunur. Bundan başqa, ona 318.1, 206.1 maddələr ilə – sərhədi qanunsuz keçmə və qaçaqmalçılığa görə də ittiham irəli sürülüb.
azadliq.info
Oxunub: 246