AzadlıqRadiosunun müxbiri Frud Bejan yazır ki, İranda bəzi qadınlar idman yarışlarına tamaşa etmək üçün stadionlara kişi qiyafəsində gəlirlər.
Amma Taylandın qadın kabaddi komandasının kişi məşqçisinin başına bunun tamamilə əksi gəlib. O Noyabrın 26-da İranın Horqan şəhərində keçirilən Asiya Kabaddi Çempionatının matçında yetişdirmələrinin oyununa tamaşa etmək üçün baş örtüyü geyinməli olub.
Axı İranda kişilərə də qadınların idman yarışlarına tamaşa etmək qadağandır.
Bu insident İranın Kabaddi Federasiyasının hiddətinə səbəb olub. Noyabrın 29-da federasiya baş vermiş bu “kədəli insidentə” görə üzrxahlıq edib, amma taylandlı məşqçini təhlükəsizlik xidmətlərini aldadaraq stadiona girməkdə günahlandırıb.
Lakin AzadlıqRadiosunun Fərda xidmətinə müsahibəsində məşqçi Somprax Ponçu deyib ki, onu başını yaylıqla örtməyə məcbur ediblər:
“Bəli, mənə dedilər ki, belə edim. Mən içəri keçmək istəyirdim, çünki Tayland komandasının qadın məşqçisi yoxdur. Yarışda məşqçinin orada olması çox mühümdür”.
Ponçu deyib ki, bu hadisədən qətiyyən hirslənməyib, çünki baş örtüyü İran mədəniyyətinin bir parçasıdır.
Lakin İranın Kabaddi Federasiyası deyib ki, Tayland məşqçisinin hərəkətindən Dünya Kabaddi Federasiyasına şikayət edəcək. Hərçənd məqçi “bir neçə saniyənin ərzində” stadiondan çıxarılıb.
Bununla belə Ponçunun kədərli baxışları İranın sosial medialarında dolaşıb, istehza və məsxərə yaradıb.
İslahatyönlü Şərq qəzetinin müxbiri Mahsa Jazini məşqçinin fotosunu tvit edib və postuna təbəssüm emojisi də qoşub: “Bu İranda kişilərə qarşı ilk zorakılıq və diskriminasiya hadisəsidir”.
Hüseyn Novruzi adlı başqa bir Tvitter istifadəçisi isə belə bir post yazıb: “Sabah deyəcəklər ki, dindar və mehriban İran xalqını görəndən sonra onun özü hicabı könüllü olaraq seçib”.
Bu insidentdən əvvəl də İrana qadınlara kişilərin iştirakilə keçirilən idman yarışlarına tamaşa etmək icazəsi verilməsinə çağırışlar edilirdi.
İran hakimiyyəti bildirir ki, qadağan İran qadınlarını və İslam qaydalarını qorumaq üçün lazımdır. Rəsmilər deyirlər ki, idman yarışlarında kişi idmançıların bədənləri görünür və bundan başqa yarışlarda tez-tez söyüş söyülür.
Lakin qadın fəallar deyirlər ki, qadağan İslam Respublikasındakı cinsi diskriminasiyanın elementlərindən biridir.
Buna baxmayaraq İranda bir çox qadınlar kişi paltarları geyinərək stadionlara gizli gəlməkdə davam edirlər.
Kabaddi nə oyundur belə?
Bəzi məlumatlara görə Hindistanın cənubundan qaynaqlanan Kabaddi Asiyada populyardır.
Wikipedia-da bu oyun haqqında oxuyuruq: Oyunun qaydalarına görə hər biri 12 oyunçudan ibarət (7 oyunçu meydançada, 5 oyunçu ehtiyatda) olan iki komanda, əvvəl orta xətlə iki hissəyə ayrılmış 12,5 m х 10 m ölçülü meydançanın özlərinə aid yarısında qarşı-qarşıya mövqe tutmalıdırlar.
Oyun o zaman başlayır ki, tərəflərdən biri, meydançanın orta xəttini keçərək qarşı tərəfin sahəsinə daxil olur və fasiləsiz olaraq “Kabaddi! Kabaddi!” deyə qışqırır. Onun əsas vəzifəsi — nə qədər ki qışqıra bilir — əli ilə, yaxud ayağı ilə rəqib komandanın bir, yaxud bir neçə oyunçusuna toxunmaq və bundan sonra meydançanın orta xəttini keçərək öz komandasına aid hissəyə qaçmaqdır.
Lakin rəqib oyunçuya toxunduqdan sonra, nə qədər ki, meydançanın rəqib komandaya aid hissəsindədir, rəqib komanda oyunçlarının onu saxlamaq hüquqları var.
Əgər rəqib komanda oyunçları onu saxlaya bilərsə, rəqib komandanın oyunçularından biri onun komandasının sahəsinə “hücum” etmək hüququ qazanır. Oyun o vaxta qədər davam edir ki, mübarizə edən komandalardan biri bütün oyunçilarının hamısını itirir, yəni bütün oyunçuları ikinci komandanın oyunçuları tərəfindən saxlanılaraq oyundan çıxırılmış olur.
Oxunub: 488