AXCP sədrinin həbsdə olan müavini Gözəl Bayramlının vəkili Elçin Sadıqovun məhkəmədə qaldırdığı ona yaxın vəsatətin heç biri təmin olunmayıb.
Qazax Rayon Məhkəməsində siyasətçi xanımın işinə baxan hakim Ağarza Səmədov bunu bildirib.
Dekabrın 1-də G.Bayramlının işi üzrə məhkəmənin hazırlıq iclasının qərarı elan olunub. Qərarda noyabrın 30-da məhkəmədə qaldırılmış vəsatətlərlə bağlı məsələ də öz əksini tapıb.
Hakim bildirib ki, vəsatətlər əsassız olduğuna görə təmin olunmur.
Vəsatətlər G.Bayramlı haqqında həbs-qətimkan tədbirinin ev dustaqlığı və ya girov qətimkan tədbiri ilə əvəzlənməsi; Qazaxdakı “Sınıq körpü” sərhəd-buraxılış məntəqəsində olan videogörüntülərin alınması; AXCP sədri Əli Kərimli, partiyanın üzvü Solmaz Hüseynova və keçmiş deputat, Milli Şuranın üzvü Gültəkin Hacıbəylinin məhkəmədə əlavə şahid kimi dindirilməsi və s. haqda idi.
Hakim deyib ki, adları çəkilən şəxslər hadisə yerində olmayıb, ona görə onların dindirilməsinə ehtiyac yoxdur. Videogörüntülər də artıq silinib, ona görə bu vəsatətin təmin edilməsinin əhəmiyyəti qalmır. Həbs-qətimkan tədbirinin dəyişdirilməsi üçün də əsaslar yoxdur.
Vəsatətlərin heç birinin təmin olunmamasına G.Bayramlı belə reaksiya verib: “Bu bir oyundur, hər kəs də bilir. Daha niyə uzadırsız, birdəfəlik verilən sifarişi icra eləyin, hökmü oxuyun, çıxım gedim”.
Məhkəmə baxışı dekabrın 13-nə təyin olunub.
Oxunub: 468