İdman yarışlarında fərqlənən idmançılara 50 min mükafat verən hökumət ölkəmizin gələcəyi olan tələbələrə 50 manat verir.
Xəbər verildiyi kimi, Azərbaycanın 2018-ci il dövlət büdcəsində Təhsil Nazirliyinin “sair xərclər” maddəsi üzrə 46 milyon manatın təyinatı dəyişdirilərək “tələbələrə verilən təqaüd” xərc maddəsinə yönəldilib. Maliyyə naziri Samir Şərifovun bildirdiyinə görə, “2018-ci il üçün həmin maddə üzrə xərclər 70 milyon manata çatdırılacaq ki, bu, cari illə müqayisədə 11,3 milyon manat və ya 19,3% çoxdur”. Bu açıqlamadan sonra təqaüd alan minlərlə tələbəni bir sual maraqlandırır: “təqaüdlər artacaqmı?” Məlum olduğu kimi, indi tələbə təqaüdləri kiçik bir məbləğdir və o, tələbələrin uzaqbaşı nəqliyyat xərclərinə çata bilər. Amma indiki bahalıq durumunda bu təqaüdün tələbə üçün nə anlam ifadə etdiyini onların özündən eşitmək istədik. Məsələ ilə bağlı fərqli universitetlərdə təhsil alan tələbələrinin fikirlərini öyrənmişik…
Mahir Həsənli: “Təqaüdün tələbə üçün böyük anlamı var. Hər mənada. Əvvəla, bu sənin ilk qazancındır, ikincisi də, təhsilinə, zəhmətinə verilən qiymətdir. Mən BDU-nun 3-cü kurs tələbəsiyəm. Təqaüdlərlə bağlı keçən il verilən qərardan sonra semestr ballarıma görə 80 manat alıram. Bilirsiniz ki, həmin qərardan sonra rəqabət mühiti yaratmaq məqsədiylə təqaüdlər tələbələrin təhsil göstəricilərinə əsasən hesablanır. Bu məbləğ ali təhsil müəssisələrində bakalavrlar üçün ballara görə 50-80-95 manat arasında dəyişir. Orta ixtisas təhsili müəssisələrində isə məbləğ xeyli aşağıdır 35-40-50 manat. Şübhəsiz ki, bu məbləğ kirayədə yaşayan, ailə vəziyyəti ağır olan, ödənişli təhsil qrupuna düşən gənclər üçün çox azdır. Mən özüm rayondan olduğum üçün, kirayədə yaşayıram, ehtiyaclarımı ödəmək üçün ailəmdən əlavə 200 manat da almaq məcburiyyətindəyəm. Onların vəziyyəti də o qədər yaxşı deyil. Bazarda çox bahalıqdır, hər şeyi kəmər sıxmaqla yola vermək məcburiyyətindəsən. Bu il tələbə təqaüdləri üçün ayrılan xərclərin artması sevindiricidir. Ümid edirəm, artım təqaüdlərimizin artımına təkan verəcək.
Ağa Məmmədov: “Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecində oxuyuram. Təqaüd 37 manatdır, o da ancaq yol puluna gedir. Əlavə ehtiyaclarımı qarşılamaq üçün işləyirəm. Kirayədə qalıram. Hərdən evdən də pul almalı oluram, hardasa 150 manat…”
Nərmin Quliyeva: “Bakı Pedaqoji Universitetində oxuyuram, sonuncu kursda. Əvvəl təqaüdlər 45 manat idi, indi 50 manat olub. Göstəricilərin yaxşı olanda məbləğ artır. Mən son nəticələrimə görə 50 manat alıram. Çox azdır. Sumqayıtdan gəlib-gedirəm, ona görə yolpulunu ancaq görür. Gündəlik evdən 3-5 manat alıram. Evdə yaşadığım üçün başqa xərcləri demirəm. Sözsüz ki, təqaüdlər artsa, yaxşı olar. Bizdə sonuncu kursdur, heç olmasa, bizdən sonra gələnlər alsın…”
Ümid İbrahimzadə: “Azərbaycan Memarlıq və İnşaat Universitetində oxuyuram. Nəticələrimə görə, hazırda 80 manat alıram. Keçən semestr 50 manat idi. Rayondan gəlmişəm, kirayədə yaşayıram. Çox çətindir, bu qədər varı olan ölkədə adi tələbə təqaüdünün 35-50 manat olması utandırıcıdır. Hər şey bahadır, bu məbləğlə ancaq yol gedib-gəlmək olur. Kirayə pulumu və yemək xərclərimi ailəm ödəyir, hardasa 200-230 manat. Məndən başqa bir qardaşım da tələbədir, yaxşıdır ki, kirayədə bir evdə qalırıq. Hazırda uyğun iş axtarıram, tapsam, işləyəcəm. Çünki ailəmin bu qədər əziyyət çəkməsini istəmirəm. Təqaüdlər artmalıdır, neft-qaz ölkəsinin böyük gəlirləri buna imkan verir. Hələ ödənişli qruplarda oxuyan dostlarım var, onlar necə əziyyət çəkir. Dövlət universitetləri nədən pulsuz olmasın ki? Nə qədər imkansız ailənin uşaqları təhsil haqqını ödəyə bilmədiyinə görə, təhsilini buraxmalı olur. Bu, böyük haqsızlıqdır…”
Səadət
Oxunub: 368