Müasir rus kinosunun yaxşı olduğu qədər də cəsarətli nümunələrindən sayılan “Axmaq” (“Durak”) filminin rejissoru Yuri Bıkov işə başlayanda gözəl anlayırdı ki, onun ortaya qoyduğu kinolent ölkə telekanallarında görünməyəcək. Filmdə ölkənin həqiqətləri bütün çılpaqlığı ilə göstərilir, Rusiya üsul-idarəsinin bütün eybəcərlikləri ekranda əksini tapır. Hakimiyyət belə yaradıcılıq nümunəsinə xoş yanaşa bilməz.
Rusiya hələ babat ölkədir, belə film çəkmək olur, Azərbaycanda buna cəhd eləmək o dünyaya olmasa da, həbsxanaya könüllü bilet almaq kimi bir şeydir. Ayaz Salayev “Ehram” filmi çəkmişdi, siyasi mesajlarına görə kino nümunəsinin başına min oyun gətirdilər, hələ də ekran üzü görməyib. Aktyoru müxalifətin icazəli mitinqində iştirakına görə işdən çıxarırlar…
Rusiya diktaturasının portret cizgiləri bir az fərqlidir. Amma orada da belə “Axmaq”lığa dözümsüzdürlər.
“Axmaq” filmində hadisələr Rusiyanın kiçik şəhərlərindən birində cərəyan eləyir. Çilingər-santexnik Dmitri Nikitini su borularındakı nasazlığa görə yataqxanaya çağırırlar. Dima müəyyənləşdirir ki, bina qəzalı vəziyyətdədir, tezliklə uça bilər. Nikitin anasının rəfiqəsinin köməyi ilə restoranda 50 illiyini qeyd edən şəhər merinə bir kəlmə söz deməyə imkan tapır və ona gözlənilən faciə haqda məlumat verir. Aləm dəyir bir-birinə. Məmurlar problemi aradan qaldırmaq əvəzinə, məsuliyyəti bir-birinin üzərinə atmağa başlayır. İndi Nikitin onlar üçün başağrısıdır. Dimanı ölümlə hədələyirlər, təcili ailəsiylə şəhəri tərk etməsini istəyirlər. O, geri çəkilmir. Gecə vaxtı yataqxanaya gedib hamını təhlükədən xəbərdarlıq etmək qərarına gəlir. Bəs adamların reaksiyası necə olur? Dimanı ölənə qədər döyürlər…
“Axmaq” filmi həm də bizim cəmiyyətin düşünən kəsiminin “sistem günahkardır, yoxsa xalq?” mürəkkəb sualına müəyyən cavab tapmağa kömək edir. Sistem mütləq günahkardır, amma bu mexanizm xalqsız işləmir. Xalq prosesdə birbaşa iştirak edir. Sistem həm də xalqdır.
Sistem piramidaya bənzəyir. Yoxsul təbəqə ən aşağı qatdır. Ortabab yaşayan qohumlarımız, tanışlarımız sonrakı qatlar. Ən yuxarılarda isə hakimiyyət və ətrafı yer alır. Aşağı qat yuxarını çiyinlərində saxlayır. Aşağılar olmasa, sistem formalaşmaz. Hamıya durduğu mövqe hər hansı şəkildə sərf edir.
Yuri Bıkov son müsahibələrinin birində deyir:“Mən Monakoda doğulmamışam, Ryazan vilayətində dünyaya gəlmişəm. Sizə elə gəlir ki, həqiqətləri təkcə mən görürəm? Küçədə istənilən adamdan soruşun:“Məmurlar oğurlayır?”. Cavab verəcəklər ki, oğurlayır. Mənim qəhrəmanım axırda qələbə çala bilməzdi. Mən həqiqəti göstərməliyəm. Bir adam mübarizəni qalib başa vura bilməz. Çünki hamı əlbirdir. Belə vəziyyət məmurlara sərf eləyir, elə haradasa xalqa da. Bir parça çörək var, vəssalam. Həmişə belə olub. Xalq belə yaşamağa alışıb. Üç yüz ildir belədir. Xalqa belə yaşamaq sərf eləməsə, vəziyyəti dəyişər. Bu ölkədə özün olmağın nəticəsi ölümdür. İllüziya qurmayaq. Ciddi dəyişiklik üçün qurbanlar lazımdır. Mən iş yerini itirməkdən danışmıram, insan itkisini nəzərdə tuturam. Deyinməklə, “Facebook”dakı məqalələrlə hakimiyyəti dəyişmirlər. Ölkəyə çox güclü adamlar rəhbərlik eləyir. Mübarizə metodu dəyişməlidir. Zəif adam azad ola bilməz. İnsanın yaşamaq istəyi azadlıq hissini üstələyirsə, heç nə dəyişməyəcək. Əvvəl-axır anlamaq lazımdır, sistem bir nəfərdən ibarət olmur, hamı bunda iştirak eləyir. Fəhlə məvacibindən şikayətlənir, sabah gətirib qoyurlar briqadir, başlayır oğurlamağa. Bu xalqın mentaliteti belədir. Eyni şey əsrlərlə davam eləyir. Qəhrəmanlar tez və diqqəti cəlb eləmədən ölürlər. Məsələn, mənim qəhrəmanım Dima Nikitin kimi…”.
Rejissor sanki Azərbaycan haqda danışır. Nikitin isə İlkin Rüstəmzadəyə necə də bənzəyir! İlkin dörd il əvvəl hərbi xidmət çəkən Ceyhun Qubadovun ölümünə dözməmişdi, “Əsgər ölümlərinə son” aksiyasını təşkil etmək qərarına gəlmişdi. Gənc fəalı həbs elədilər, Ceyhunun anası isə çıxıb aksiyanın əleyhinə açıqlama verdi. İndi emosiyalar bir az soyuyub, onda Qubadovun valideyninin addımı bizi çox sarsıtmışdı. Ceyhun evin tək övladıydı, atası da dünyasını dəyişmişdi. O ananın itirməyə daha nəyi qalmışdı? Ən böyük və ən son itki Ceyhun deyildimi? O ana daha nədən qorxurdu? Suallara bu dörd ildə cavab tapa bilməmişik.
Həmin cəsarət nümunəsi həm də İlkinin ömrünün dörd il yarımını aparıb artıq. Rüstəmzadə həbsxana həyatını davam etdirir — boyun əymədən, geri çəkilmədən. Halbuki, onun geri çəkilmək üçün arqumentləri daha güclüdür, nəinki əsgər valideynlərinin.
“Mən qəhrəman deyiləm” – Yuri Bıkov müsahibənin sonunda deyir:“Bacım, anam, həyat yoldaşım var. Qorxuram. Dima isə qorxmurdu…”
İlkin də qorxmurdu…
Oxunub: 934