Avropanın 3 nəhəng şirkəti birləşərək hibrid (həm ənənəvi yanacaq, həm də elektriklə çalışan) təyyarə düzəltmək planlarını elan ediblər.
Airbus, Rolls-Royce və Siemens noyabrın 30-da bildiriblər ki, sınaq təyyarəsi 2020-ci ildə hazır olacaq.
E-Fan X adlanan təyyarə 100 yerlik BAe146 təyyarəsinin bazasında yaradılacaq.
Üçlük inanır ki, artıq 2025-ci ildə hibrid təyyarələr kommersiya uçuşları həyata keçirə biləcək.
Yeni təyyarənin 4 motorundan biri elektriklə çalışacaq. Bu, iki meqavatlıq elektrik motoru olacaq. Əgər sınaqlar uğurlu olsa, təyyarənin daha bir motoru elektrik mühərriki ilə əvəzlənəcək.
Bu ilin sentyabrında Avropanın ən iri hava şirkətlərindən olan EasyJet elan etmişdi ki, ABŞ-ın “Wright Electric” adlı start-up şirkəti ilə əməkdaşlığa başlayıb – məqsəd 100 faiz elektriklə çalışan sərnişin təyyarəsi yaratmaqdır.
ABŞ-ın Boeing və BlueJet şirkətləri də elan ediblər ki, Zunum adlı start-up şirkəti ilə birgə 2022-ci ilə qədər elektrik təyyarəsi yaradacaqlar.
Oxunub: 400