ABŞ-ın onlayn nəhəngləri olan Facebook və Alphabet Inc-in Google axtarış mühərrikinin xəbər mediası qaydalarını pozub-pozmadığı, naşir və istehlakçılara ziyan vurub-vurmadığı araşdırılacaq. Bunu Avstraliyada rəqabəti tənzimləyən qurum bazar ertəsi bildirib.
“Reuters” informasiya agentliyi yazır ki, bütün dünyada olduğu kimi, Avstraliyada da ənənəvi media şirkətlərini onlayn rəqibləri sıxışdırmaqdadır, reklamdan gələn dollarlar nəzərləri Google, Facebook və Netflix Inc. kimi rəqəmsal distribütorlara yönəldib.
BAZAR GÜCÜ
Hökumət daha geniş media islahatları çərçivəsində istintaq aparmağa göstəriş verib. Bu arada jurnalistikanın gələcəyi, xəbərlərin keyfiyyəti sarıdan narahatlıq yaranmaqdadır. Axı illərdir bu sektorun gəlirləri azalır, nyuzrum işləri ixtisar olunur, saxta xəbərlərin də sayı artır.
“Bu platformaların kommersiya sövdələşmələrində istehlakçıların, media kontent yaradıcılarının və reklamçıların ziyanına bazardakı gücündən istifadə edib-etmədiyini yoxlayacağıq”, – Avstraliya Rəqabət və İstehlakçı Komissiyasının (ACCC) sədri Rod Sims deyib.
Sədrin sözlərinə görə, Facebook və Google-un “Avstraliyadakı nüfuzunu tam anlamaqdan ötrü” onların necə işlədiyi də araşdırılacaq.
Google-un sözçüsü bildirib ki, “bu proseslə gərəkən səviyyədə əməkdaşlıq edəcəklər”.
Agentlik Facebook-dan açıqlama ala bilməyib.
TRAMPLİN
“Reuters” yazır ki, ACCC-nin araşdırma aparması ideyası bu ilin əvvəlində parlamentdə gedən media islahatı danışıqları zamanı ortaya çıxıb. Danışıqlar nəticəsində sahibkarlıq qanunları yüngülləşdirilib, ölkənin böyük oyunçularına onlayn distribütorlarla daha yaxşı rəqabət aparmaq üçün bazar payını gücləndirməyə icazə verilib.
Müstəqil media təhlilçisi Peter Cox-un fikrincə, hətta əgər ölkənin media sektorunun getdikcə daha rəqabətsiz hala düşdüyü ortaya çıxarsa belə, komissiyanın hökumətə hansı tövsiyələri verəcəyi bəlli deyil.
“Buna başqa bir islahat növünə, məsələn, vergi qoyulmasına tramplin kimi də baxa bilərsiniz”, – Cox söyləyib.
Hazırda Avropa Birliyi məkanı daxil olmaqla, bir çox ölkələrdə qlobal əməliyyat aparan texnologiya nəhənglərini vergiyə necə cəlb etməyin yollarını axtarırlar.
Şirkətlərin fiziki mövcud olduğu ölkələrdə korporativ vergilər ödənir.
Avstraliyada istintaq çərçivəsində şirkətlərdən informasiya tələb oluna, dinləmələr keçirilər bilər. Yekun hesabat 18 aya hazırlanmalıdır.
Oxunub: 170