Tbilisi Şəhər Məhkəməsində Azərbaycandan getmiş cərrah, «Lancet» klinikasının həmtəsisçisi Fərman Ceyranlının işi üzrə məhkəmə prosesi davam edir. Hazırda şahidlər dindirilir.
Məhkəmə prosesi haqda AzadlıqRadiosu-na cərrahın qızı Lalə Hüseynli məlumat verib.
“Məhkəmə prosesi şahidlərin dindirilməsi ilə davam edir. Hələ ki, məhkəmədə qarşı tərəfin şahidlərinin ifadəsi alınır”, – deyən L.Hüseynli istintaqda F.Ceyranlının əleyhinə yalan saydıqları ifadələrin olduğunu bildirib:
“Məhkəmədən öncə onun əleyhinə ifadə verənlər olub. Ancaq məhkəmə prosesi zamanı hər şey aydınlaşmaqdadır. İndiyədək ifadəsi alınan şahidlərdən heç kim F.Ceyranlının əleyhinə ifadə verməyib”.
Məhkəmə prosesinin gedişindən narazılıqlarının olmadığını bildirən L.Hüseynli ədalətli nəticəyə ümid etdiklərini söyləyib.
L.Hüseynli həbsdəki cərrahla hazırkı mərhələdə görüşə icazə verilmədiyini deyib.
“Görüşlərə icazə yoxdur. Yalnız telefonla əlaqə saxlamağa icazə verilir. Ancaq telefon danışığına da ayda üç dəfə icazə verirlər”, – L.Hüseynli bildirib.
F.Ceyranlının məhkəmə prosesi sabah, dekabrın 7-si şahid ifadələri ilə davam edəcək.
Oxunub: 338