Yauheniya Arlouskaya-nın atası və onun iki qardaşı güllələnmiş halda aşkarlanıb. Üstündən bir il keçmiş, 1938-ci ildə sovet hökuməti Yauheniya-nı aparmağa gəlib.
Arlouskaya casusluqda ittiham olunub. 21 yaşlı qız nə bu ittihamı, nə də sözün mənasını anlayırdı. O, milyonlarla digər SSRİ vətəndaşının taleyini bölüşərək, 10 illiyinə cəza koloniyasına göndərilib. Stalin-in Böyük Təmizləmə siyasəti totalitar sistemə istənilən real, yaxud xəyali müqaviməti məhv etmək məqsədi daşıyırdı.
HƏBSİNİN SƏBƏBİNİ HƏLƏ DƏ BİLMİR
10 ildən sonra azadlığa buraxılan Arlouskaya yenidən 6 illiyinə düşərgəyə göndərilib. Sonradan ona bəraət verilib.
Bu il 100 yaşını qeyd edən Arlouskaya həbsdən azad ediləndən 70 yaşına çatanadək Mogilyovdakı Kirov avtomobil zavodunda çalışıb. Artıq yeriyə bilməyən və görmə qabiliyyətini itirmiş qadın bugünədək nə üçün həbs edildiyini bilmir.
1938-ci ildə əsgərlər onu «xarici əlaqələr»də suçlayıblar.
Arlouskaya bu əsgərləri Mogilyovdan 5 kilometr aralıda yerləşən kəndlərindəki yerli rəqs klubundan tanıyırmış. Qız onlarla yox, onların kapitanı ilə rəqs etməyi seçib. Arlouskaya düşünür ki, bununla əsgərlər ondan qisas alıblar.
Bundan bir il öncə Arlouskaya atası və onun iki qardaşının müəmmalı qətli ilə bağlı məlumat əldə etməkdən ötrü yerli hökumətə müraciət edib.
«Onlar mənə dedilər ki, çox sual versəm, aqibətim onlar kimi olacaq», – Arlouskaya 1937-ci ilin sonlarında baş vermiş söhbəti xatırlayır.
«HAMIMIZ AC İDİK»
Aylar sonra Arlouskaya həbs edilərək dindirilib. Bu zaman o, möhkəm döyülüb və burnu qanayıb.
«Müstəntiq zibil qabından bir parça zibil çıxarıb mənə verib dedi ki, qanımı silim», – Arlouskaya danışır.
«O mənə dedi ki, hər şeyi etiraf etsəm, 5 min rubl alacağam. Mən onun nədən danışdığını bilmədiyimi deyəndə, o, başımdan möhkəm vurdu», – deyə qadın gözünün yaşını silir.
Sonda müstəntiq Arlouskaya-nın ovcuna bir kağız parçası basıb. Bu kağızda ona irəli sürülən ittihamlar yazılıbmış. Qadın bu ittihamları oxumayıb da. Onsuz da mənası yox idi. Hər hansı məhkəmə hökmü olmadan Arlouskaya 10 illiyinə Sibirə, Krasnoyarsk diyarına islah-əmək düşərgəsinə göndərilib. O, burada daş karxanasında ağır daşları vaqonlara daşımaqla məşğul olub. Burada iş çox, yeməksə az idi.
«Hamımız ac idik. İp kimi arıq idik», – o deyir. Arlouskaya və məhbus yoldaşlarının gözü elə hey koloniyadakı çörəkxanada qalarmış.
«Bacadan tüstü gələndə bilirdik ki, bu gün çörək olacaq», – deyə qadın xatırlayır.
«STALIN-İN ÖLMƏSİNƏ SEVİNİRDİM»
1945-ci ilin mayında müharibənin bitməsiylə məhbusların qidalanmasında dəyişiklik baş verib. Düşərgədə faşizm üzərində qələbə qeyd ediləndə, Arlouskaya-ya düz bir kasa qarabaşaq sıyığı veriblər.
Ac və soyuqdan donan Arlouskaya və məhbus yoldaşları baraklarda, taxta çarpayılarda bir-birinə qısılaraq yatırlarmış.
«Səhərlər meyit sürüyüb gətirirdilər. Bilmirdik ki, onları haradan gətirirlər. Qəbir də yox idi», – qadın danışır.
1948-ci ildə azad edilən Arlouskaya 1 il sonra yenidən Krasnoyarska qayıtmalı olur. Bu dəfə onun daha sərbəst hərəkət etməsinə imkan verilir. Burada o, Mikalay Milanovic adlı başqa bir məhbusla tanış olur və sonradan onunla evlənir. Onların iki övladı, bir qızı və bir oğlu dünyaya gəlir.
Arlouskaya danışır ki, 1953-cü il martın 5-də Stalin öləndə, məhbus yoldaşlarının, demək olar, hamısı həqiqətən çox məyus olublar.
«Qorxurdum. Çünki bundan sonra nə baş verəcəyini bilmirdim. Mən Stalin-in ölməsinə sevinirdim, çünki bilirdim ki, başıma gələnlərin hamısı onun günahıdır», – Arlouskaya deyir.
Arlouskaya Nikita Khrushchev-un hakimiyyətə gəlməsindən sonra, 1955-ci ilin oktyabrında yerli hərbi tribunalın qərarı ilə azad edilib.
BƏRAƏT ALANDAN SONRA
Ailəsi ilə birlikdə Mogilyova dönən qadın Kirov avtomobil zavodunda işə düzəlib. İlk vaxtlar iş yoldaşları ondan kənar gəziblər.
«Bir qadın mənə dedi ki, eşitmişəm sən «xalq düşməni» kimi tutulmusan», – Arlouskaya xatırlayır.
Ancaq bəraət alandan sonra hər şey dəyişib. Həmkarları onu isti qarşılayıb, vicdanla çalışdığına görə ona hörmət etməyə başlayıblar:
«O sənədi alandan sonra o qədər xoşbəxt idim ki. Qəfildən bütün düşmənlərim susdu. Göyün yeddinci qatında idim. Daha heç kəs haqqımda pis danışmayacaqdı».
70 yaşına qədər çalışdığı Mogilyov Avtomobil Zavodunda (MoAZ) maaşdan əlavə hər il mükafat, müxtəlif səfər və kurortlara putyovkalar alıb.
Bu il 100 yaşını qeyd edən Arlouskaya-nı təbrik etmək üçün MoAZ-ın rəhbərləri də gəlib.
Ayda cəmi 420 rubl (209 dollar) təqaüd alan qadın şikayətlənmir. «Kasıb deyiləm. Bəsimdir», – o gülümsəyir.
«İstərdim Allah gözlərimi yenidən açsın və mən günəşi, mavi səmanı bir daha görə bilim», – Arlouskaya deyir.
Ən böyük qorxusu isə hökumətin insanları yenidən qırmağa başlamasıdır.
Oxunub: 426