Biz həmişə başqalarından sitat gətirməyi, başqa nümunələri şişirtməyi sevmişik. Həmişə elə bilmişik ki, “ağ atlı oğlan”, həqiqətən də ağ atın belində, ağ paltarda gəlməlidir. Hamımız xilaskar axtarışına çıxdıq, hamımız xilaskar arzuladıq. Bu ölkəni həqiqətən də xilas etmək istəyən adamlarda səhv axtarmağa başladıq, ləkə yapışdırmaq üçün yan-yörəsinə keçdik, haqqında rəvayətlər uydurmağa cəhd etdik və.s Hər şeydən əlimiz üzüləndə də “yeni lider lazımdı”, “yeni sima lazımdı” qənaətinə gəldik. Əvvəla, zaman göstərdi ki, “mən yeniyəm” deyib meydana çıxan xeyli adam, köhnələrdən ibarət hökumət komandasının qarşısında duruş gətirə bilmədi. İkincisi, zaman onu da göstərdi ki, xalq dəyişikliyə köklənməyəndə, xoşbəxtliyə can atmayanda “ağ atlı oğlanlar” yalnız təslim olmamaq nümunəsi göstərə bilir. Yəni, heç bir xilaskar əsasını yerə döyüb, əjdahaya çevirə bilməz.
Uzun müddətdi “bu ölkəyə Saakaşvili kimi lider lazımdı” deyib, arzu daşının üstündə oturanlar var idi. Amma bugün baş verənlər göstərdi ki, Saakaşvilinin arxasında tərəfdaşları, onu sevənlər olmasa, özünü eyvndan ata da bilər.
Bu ölkədə 100-dən artıq siyasi məhbus var, yüzlərlə insan uzun illərdi ən ağır sınaqlardan keçərək, zülmə meydan oxuyur. Yəni, bu ölkədə Sakkaşvilinin “rekord”unu təzələmiş, yüzlərlə mübariz, vətənpərvər insan var. Bu adamlar dəmirbarmaqlıqlar arasında da mübarizə aparırlar, heç bir qarşılıq ummadan əsl vətəndaşlıq nümunəsi göstərirlər.
Ona görə də “istifadə müddəti bitmiş” fikirlərdən imtina edib, əsl çıxış yolunu tapmaq lazımdı. Tam məsuliyyətimlə deyirəm ki, başqa planetdən xilaskar gəlməsinə, “supermen”ə ehtiyac yoxdur. Bizim fəlakətlərdən xilas olmağımız üçün vətəndaşa ehtiyacımız var. Dünyanın istənilən ölkəsində “ağ atlı oğlan” xalqın özüdür.
Bugün Azərbaycanda seçim etmək çox asandır. Xeyirin ağ rəngi də, şərin qara rəngi də tündləşib. Yəni, səhv etmək ehtimalı sıfırlanıb. Bir addım atmağa ehtiyac var. Dövlət, xalq savaşı aparanlara dəstək olmaq lazımdı. Evimizdə oturub, “müdrik” proqnozlar verməyə davam etsək, şər hər yeri öz rənginə boyamağa davam edəcək.
Xülasə, qələbə təamının hazırlanması üçün hər şey var, təkcə vətəndaş “ədviyyat”ı çatışmır. Birdə ki, “yeni qüvvə” yaşı az olan qüvvə deyil, cəsarəti, vətən sevgisi, mübarizə əzmi çox olan, yeniliyə, dəyişikliyə doğru yürüyən qüvvədir. Ən əsası isə, yeni qüvvə, köhnəlmiş rejimin qarşısından bir addım da çəkilməyən qüvvədir.
Oxunub: 78