“Hər il Azərbaycandan bizim klinikaya 8 min xəstə müraciət edir… Azərbaycanda səhiyyə yox səviyyəsindədir. Onların çoxlu pulu var və çox yaxşı xəstəxanalar tikiblər, bahalı avadanlıqlar alıblar”. Bu fikirləri Gürcüstan paytaxtı Tbilisidə yerləşən “New Hospital” klinikasının direktoru Nika Okriaşvili bir auditoriyada çıxışı zamanı səsləndirib.
Onun fikirləri bugünlərdə Azərbaycanda sosial şəbəkələrdə geniş şəkildə yayıldı və “Gör səhiyyə nə günə qaldı” kimi müzakirələrə yol açdı.
Azərbaycanın Səhiyyə Nazirliyi isə Okriaşvilinin dediklərini şübhəylə qarşılayır. Nazirliyin mətbuat xidmətinin rəhbəri Liya Bayramova AzadlıqRadiosu-na deyir ki, həmin şəxs ortaya rəsmi rəqəmlər, sənədlər qoysun.
“O adam öz ölkəsində nə istəyir, danışa bilər, nə qədər rəqəm istəsə, söyləyə bilər. Siz ona zəng vurun, qoy rəsmi statistika versin,”, – nazirliyin sözçüsü bildirir.
Liya Bayramova Nika Okriaşvilinin Azərbaycan səhiyyəsini tənqid etməsinə, yəni müasir, yaxşı xəstəxanalar tikildiyi, bahalı avadanlıqlar alındığı halda səhiyyənin olmaması haqda dediklərinə də təxminən eyni cavabı verir: “Öz ölkəsində kim nə istəyir danışa bilər. O kişi öz torpağındadır”.
AzadlıqRadiosu bununla bağlı parlamentin səhiyyə komitəsinin də münasibətini öyrənməyə çalışıb. Ancaq komitə sədri Əhliman Əmiraslanov “iclasda olduğundan”, sədr müavini Musa Quliyev“AzadlıqRadiosu ilə əməkdaşlıq etmək istəmədiyindən”, qurumun üzvləri Məlahət İbrahimqızı “xaricə getdiyindən”, Kamilə Əliyeva“mühazirədə” olduğundan bu mümkün olmayıb.
Yerli mütəxəssislərsə Azərbaycandan Gürcüstana xəstə axınının mövcudluğunu, gürcü həmkarlarının dediyində “həqiqət olduğunu” gizlətmirlər. Düzdür, təkcə bir klinikaya Azərbaycandan ildə 8 min pasiyentin müraciətini bir qədər mübahisəli olduğunu da qeyd edirlər. Və bunu klinika sahibinin “ticari reklamı” kimi də qiymətləndirirlər. Qonşu ölkələrə xəstə axınının səbəbinə gəlincə, onların fikrincə, bir yox, bir neçədir. Bu haqda az sonra.
“Azərbaycanlı həkimlərin illərlə bacarmadığını o, ikinci dəfə bacardı”
Tovuzda yaşayan Səidə Qəhrəmanova 15 ildən çoxdur ailə qurub. Ən böyük arzusu ana olmaqdır. Müəllimə işləyən qadın bu müddətdə dəfələrlə Bakıda, Gəncədə, yaşadığı Tovuzda müalicə alıb, ancaq…
“Bu illər ərzində biz qazandıq, həkimlər yedi, ən ağır müalicələr, əməliyyatlar, ağır dava-dərmanlar… Bizi haralara göndərmədilər. Nə ümidlər vermədilər. Süni mayalanmaya qədər getdik. Bu inamla, həvəslə banklardan kreditlər götürdük. Bu kreditləri qaytarmaq üçün iki ildən çox müalicəmə ara verməli oldum. Bu illər ərzində xərclədiyimiz bu pula biz Bakıda mənzil ala bilərdik”, – göz yaşını saxlaya bilməyən Səidə Qəhrəmanova danışır. İlyarım qabaq qonşusu ona Tbilisidə bir klinikaya getməyi məsləhət görür:
“Getdik. Düzü, daha inamım qalmamışdı. Çox da baha olmayan dərmanlar yazdılar, bəzi xırda-para məsləhətlər verdilər, vəssalam. Bir ay sonra hamilə olduğumu öyrəndim. Bir yandan sevincdən uçurdum, bir yandansa indiyə kimi Azərbaycanda özəl klinikalarda, dövlət xəstəxanalarında xərclədiyimiz pullara görə yanıb-tökülürdüm”.
Düzdür, Səidə Qəhrəmanovanın sevinci uzun çəkməyib, hamiləliyin üçüncü ayında uşağı itiriblər:
“Amma şükür, indi altı aylıq hamiləyəm və hər gün də doktorum Ninoya dua edirəm. Azərbaycanlı həkimlərin illərlə bacarmadığını o, ikinci dəfə bacardı”.
“Məmurlar pis nümunə göstərirlər”
Professor Adil Qeybullanın qənaətincə, Azərbaycan səhiyyəsinin “yox səviyyəsində” olduğunu söyləmək doğru olmazdı. O bu gün ölkədə çox ciddi, mürəkkəb əməliyyatların gerçəkləşdirildiyini, Azərbaycanın tibb müəssisələrinin Gürcüstandan daha müasir avadanlıqlarla təchiz edildiyini, Qərbdə təhsil alan onlarla həkimin fəaliyyət göstərdiyini deyir. Professor yaranmış durumu, yəni İrana, Gürcüstana axını məmurların göstərdiyi “pis nümunə” ilə izah edirsə, keçmiş deputat, “Loğmed” klinikasının sahibkarı Nazim Bəydəmirli Azərbaycan səhiyyəsinin axsamasını bəzi yüksək vəzifəli məmurların özəl klinikalara “təzyiq göstərməsi” ilə bağlayır.
“Gürcüstana xəstə axınının obyektiv səbəbləri var. Bunlar müalicə xərclərinin azlığı, müəyyən qədər milli səhiyyəyə güvənin olmaması və s amillərlə bağlı ola bilər. Bunu aradan qaldırmağın yollarından biri də məmurların nümunə olmasıdır. Əgər məmurlar gedib Almaniyada, İngiltərədə, Amerikada, səhiyyəsi yüksək inkişaf etmiş ölkələrdə müalicə alırlarsa, adi adamlar da bu nümunəni davam etdirilər. Onlar daha yaxın ölkələrə, Gürcüstana, İrana axın edirlər. Məmurlar göstərməlidir ki, özlərinin qurduğu səhiyyəyə özləri güvənirlər”, – Adil Qeybulla deyir.
O, Gürcüstana gedənlərini sayının çoxluğunu həm də burda müalicənin daha ucuz olması, Azərbaycanda bəzən müalicənin uğursuzluğuyla izah edir.
“Xəstəxana tikilib, kadr yoxdur”
Nazim Bəydəmirli Gürcüstana yaxın bölgələrin – Tovuzun, Gədəbəyin millət vəkili olub. O, vaxtilə 30 km məsafədə yerləşən ərazilərdə, həm Tovuzda, həm Ağstafada, həm də Qazaxda müalicə diaqnostika mərkəzlərinin tikilməsini tənqid edib: “Baxmayaraq ki, bu mərkəzlərin tikintisinə təxminən 20-30 milyon manat xərclənib, bura bahalı avadanlıqlarla doldurulub və bunun üçün kifayət qədər pul silinib, ancaq orda kadrlar yoxdur. Bu vəsaitlər hesabına səhiyyədə ciddi islahat aparmaq olardı, nəticə Gürcüstandan daha yaxşı ola bilərdi”.
Nazim Bəydəmirli digər tərəfdən də “məmur sahibkarlar”ın bu sahələri inhisara aldığını bildirir. O iddia edir ki, Azərbaycanda əksər böyük, özəl klinikalar məmur sahibkarlara bağlıdır və onların sayəsində digər klinikalara “təzyiq göstərməklə, inzibati yollarla lisenziyalarında məhdudiyyətlər qoyur, onların fəaliyyət çevrələrini daraldır, bəzən də bağlanmasına imkan yaradırlar”.
“Mən özüm sahibkar olaraq 2012-ci ildə bu tipli məhdudiyyətlə üzləşmişəm. Sahibi olduğun klinikanın cərrahiyyə şöbəsinə lisenziya verilməyib. Məcbur olub personalı 70 faiz azaltmışıq, gəlirimiz də azalıb. Bu, Səhiyyə Nazirliyinin məmur sahibkarların əliylə apardığı siyasətdir. Aztəminatlı insanlar məcbur qalıb böyük klinikalara müraciət edirlər, xidmət baha olduğundan kredit götürür, borclanırlar. Vətəndaşlar da qonşu ölkəyə ona görə gedirlər ki, orda klinikalar rəqabət aparır və qiymətlər də optimal olur. Monopoliya olan ölkədəsə istənilən sahə iflasa məhkumdur”, – Nazim Bəydəmirli deyir.
Səhiyyə nazirliyindən bu deyilənlərə münasibət almaq, hələlik, mümkün olmayıb. Ancaq adətən Azərbaycan rəsmiləri bu cür tənqidləri rədd edir, ölkədə səhiyyənin inkişaf etdiyini, bu sahəyə xüsusi qayğı göstərildiyini, dövlətə aid tibb müəssisələrində xidmətin pulsuz olduğunu deyirlər.
Oxunub: 472