Ölkədə islahatların olacağını səbrsizliklə gözləyənlər hələ gözləməli olacaq. İndi anoloqu olmayan sürpriz kadr təyinatları mərhələsindəyik.
Gözlənilmədən təhsil naziri vəzifəsindən azad edilən Mikayıl Cabbarov vergilər naziri vəzifəsinə təyin edildi. Vergilər naziri vəzifəsindən azad edilən Fazil Məmmədovun təhsil naziri olacağı isə gözlənilmir. Onun vergi öhdəliklərini çətinliklə yerinə yetirməsi xeyli vaxt idi xısın-xısın müzakirə olunurdu. Ancaq bu, o demək deyil ki, Fazil Məmmədov tamamilə arxivə göndəriləcək. Təhsil naziri vəzifəsinə yeni kadr təyinatı olacağı ehtimal edilir.
Mikayıl Cabbarov digər nazirlərlərin əksəriyyəti ilə müqayisədə bir fərd kimi əsasən müsbət xarakterizə olunsa da, onun da təhsil naziri kimi müsbət və yadda qalan hansısa işindən danışmaq çətindir. Sistemin möhkəmlənməsinə xidmət edən mexanizmlər heç kimə imkan vermir ki o, özünü fərqli göstərə bilsin.
Son illər ölkədəki kadr təyinatları onu göstərir ki müasir idarəetmə sistemi tamamilə yeni istiqamətdə inkişaf edir. Şəxsi sədaqət, ailə-qohumluq bağları və inam üzərində qurulan sistem, həm də kənar riskləri də artıq nəzərə almağa başlayıb. Bu risklərə daxil olan həssas məsələlərin də sırası getdikcə genişlənir və kadr təyinatlarında bu amillər qabarıq sezilir.
Kadr təyinatlarında dövlətin və cəmiyyətin maraqlarının tamamilə arxa planda olduğuna artıq kimsənin şübhəsi qalmayıb. Kadrların təyin olunduqları sahələr üzrə peşəkarlığı da öncəlik təşkil etmir. Sabah bir generalın təhsil naziri olmasını da eşidə bilərik. Hakimiyyət nə böyük islahatlara gedə bilir, nə də struktur islahatlarını aparmağı bacarır. Kadr dəyişikliyi ilə nə cəmiyyətin problemləri həll olunacaq, nə də ölkədəki gərginlik azalacaq. Hökumətin etifar etmək istəmədiyi sosial gərginliyi isə mövcud idarəetmə ilə cilovlamaq xeyli müşküldür.
Oxunub: 868