“The Guardian” yazır ki, Səudiyyə Ərəbistanında kral ailəsinin üzvləri də daxil, 159 biznes sahibi Riyadın beşulduzlu otellərindən birində hələ də “girov” saxlanır. Onlar vəliəhd şahzadə Məhəmməd bin Salmanın antikorrupsiya əməliyyatının gedişində saxlanıblar.
Bəzi xəbərlərə görə, “dəbdəbəli həbsxananı” tərk etmək üçün bu adamlardan varidatlarını təhvil vermələri gözlənir.
Bundan əvvəlki xəbərlərdə saxlananların sayının bundan iki dəfə çox olduğu bildirilirdi.
Baş prokuror Səud əl-Mucib çərşənbə axşamı demişdi ki, 320 nəfərə çağırış göndərilib və 376 bank hesabı dondurulub. Prokurorluq bildirir ki, ittihamla əməkdaşlıq edib korrupsiya yolu ilə əldə edilmiş sərvətlərini təhvil verənlər azad olunurlar.
Azad edilənlərin arasında vəliəhdin əmisi oğlu, Milli Qvardiyanın keçmiçş rəisi Miteb bin Abdullahın da olduğu xəbər verilib. O Ritz Carlton otelindən ötən həftə buraxılıb.
“The Guardian” yazır ki, bu otel “dünyanın ən dəbdəbəli həbsxanasına” çevrilib. Bütün krallıq əhalisi kimlərin içəridə olduğu ilə maraqlanır.
Səudiyyə rəsmiləri bu yolla 100 milyard dolların neft qiymətlərinin düşməsi ilə bağlı zəifləmiş büdcəyə qaytarılacağına ümid edirlər. Büdcəyə ağırlıq gətirən həm də Yəməndə aparılan bahalı müharibədir.
Yüksək səviyyədə korrupsiya krallıqda onilliklərdir ki, cövlan edib və bir neçə formada təzahür edir. Bəzi hallarda ictimai layihələr üçün buraxılan pullar qüdrətli şəxslərin ciblərinə axıb və sözü gedən ictimai obyektlər tikilməyib. Bəzi hallarda isə kral ailəsinin üzvləri də daxil biznes rəhbərləri dəyərindən yüksək qiymətləndirilmiş layihələrdən qalan fərqi mənimsəyiblər.
Bəzi şərhçilər bidlirirlər ki, şahzadə Məhəmməd korrupsiya represiyalarını həyata keçirməklə xarici investorları onlardan “şapka” alınmayacağına əmin etmək istəyir.
“O göstərmək istəyir ki, indi bütün işlər sağlam kommersiya təməlində görüləcək. Sövdələşmələr ədalətli və təmiz olacaq” -bir Səudiyyə rəsmisi deyib.
Digərləri isə şahzadə vəliəhdi bu repressiyalarla öz hakimiyyətini gücləndirmək cəhdində günahlandırılar. Deyilənlərə görə, taxt-taca qarşıdan gələn altı ay ərzində sahiblənəcək Məhəmməd bin Salman artıq indidən ölkənin ən qüdrətli fiqurudur. Məsələn, şahzadə Miteb vəliəhdə rəqib ola biləcək olan-qalan azlardan biri idi.
Məhəmməd bin Salmanın korruspiya repressiyaları geniş cəmiyyət tərəfindən alqışlansa da, başqa monarx ailəsi üzvlərinin ondan nümunə götürəcəklərinə ümid azdır.
“Burada Dubay modeli nümunə kimi qəbul edilib. Mütləq monarxiya ləğv olunmur və heç adamlar da bunu istəmirlər, – həmin rəsmi deyib, – Səudiyyə Ərəbistanında həyat hamı üçün dəyişəcək, amma yuxarı elitada elə də böyük dəyişiklik olmayacaq”.
Oxunub: 236