Bu gün Ali Məhkəmədə İslam partiyasının sədri Hacı Möhsün Səmədovun Qobustandakı həbsxanaya köçürülməsindən verilmiş kassasiya şikayətinə baxılıb. Şikayəti bu günlərdə vəkillik fəaliyyətinə xitam verilən Yalçın İmanov vermişdi. Əli Seyfəliyevin icraatında olan proses məhz vəkil olmadığı üçün Hacı Möhsün Səmədovun yaxınlarına yeni vəkillə müqavilə bağlamaq tövsiyyə olunuraq təxirə salınmışdı.
Cavad Cavadovun vəkilliyi ilə proses davam etdirilib. Hacı Möhsün Səmədovun özünün məhkəmədə iştirakı ilə bağlı məktubu olsa da onun iştirakı təmin olunmayıb. Hakim bunu iştirakın təmin olunmasının əsaslandırılmaması ilə əlaqələndirib. Vəkil isə məhkumun məhkəmədə iştirakının onun hüququ olduğunu bildirib.
Məhkəmə məhkumun iştirakı olmadan davam etdirilib. Vəkil Cavad Cavadov çıxışında Səmədovun işində ədalətli məhkəmə araşdırılması hüququnun pozulduğunu deyərək işin yenidən araşdırılması üçün apellyasiya məhkəməsinə göndərilməsini istəyib.
Dövlət ittihamçısı İ. Yusifov Möhsün Səmədova həbs müddəti ərzində 28 dəfə, son müddətdə isə 9 dəfə tənbeh verildiyini məhkəməyə bildirib və kassasiya şikayətinin əsassız olduğunu məhkəməyə deyib.
Qısa müşavirədən sonra hakim kassasiya şikayətinin təmin edilmədiyini elan edib.
azadliq.info
Oxunub: 108