Əvvəllər olduğu kimi yenə də hakimiyyətdəkilər real olmayan rəqəmlər səsləndirməyə başlayıblar. Əslində isə bu ilin 10 ayının gömrük statistikası kənd təsərrüfatında çox ciddi geriləmələr olduğundan xəbər verir. Belə ki, əvvəlki illərə nisbətən 10 ay ərzində ixracda ciddi azalma, idxalda isə yüksək artım dinamikası müşahidə olunur. Hər iki göstərici Azərbaycanda kənd təsərrüfatı məhsullarının, ərzaq mallarının istehsalının azalmasından xəbər verir. Təsəvvür edin, 5 il əvvəl, 2012-ci ilin yanvar-oktyabr aylarında ölkəyə 815 milyon dollar dəyərində yeyinti məhsulları idxal olunmuşdursa, bu ilin eyni dövrü ərzində bu göstərici ciddi şəkildə artaraq 1 milyard 121 milyon dollar təşkil etmişdir. Əsas ixrac məhsullarından olan bitki və heyvan mənşəli piylər və yağlar, şəkər, çay ixracı kəskin şəkildə azalmışdır. Bu müddət ərzində ət idxalı 3,7 dəfə artaraq 52 milyon dollar təşkil etmişdir. Kəsim üçün gətirilən diri heyvanlar 2 dəfə, süd və süd məhsulları idxalı 2 dəfəyə yaxın artmışdır. Belə ki, 5 il əvvəl, 2012-ci ilin yanvar-oktyabr aylarında ölkəyə 54 milyon dollar dəyərində süd və süd məhsulları idxal olunduğu halda, bu ilin 10 ayı ərzində bu göstərici 103 milyon dollar təşkil etmişdir. Bu müddət ərzində kərə yağı, kartof, meyvə-tərəvəz və digər ərzaq malları, kənd təsərrüfatı məhsulları idxalı ciddi şəkildə artmışdır. Son 5 il ərzində dünya bazarında ərzaq mallarının, kənd təsərrüfatı məhsullarının qiymətlərinin ciddi azaldığını nəzərə alsaq, fiziki çəkidə idxalın daha da çox artdığını demək olar.
Görünür, yenə də hökumət ili uydurulmuş, şişirdilmiş, saxta rəqəmlərlə yola verəcək.
Oxunub: 82