“The Independent” yazır ki, Donald Trump Qüds/Yerusəlimi rəsmən İsrailin paytaxtı kimi tanıdığını və ABŞ səfirliyini bu şəhərə köçürəcəyini bəyan etdikdən üç həftə sonra Birləşmiş Ştatlardan nümunə götürmək qərarına gələn ölkə tapılıb. Bu, Mərkəzi Amerikada yerləşən Qvatemaladır.
Qvatemala bu həftənin əvvəllərində BMT Baş Assambleyasında keçirilmiş səsvermədə Trump-ın qərarını dəstəkləyən 9 ölkədən biri olmuşdu.
138 ölkə Qüdsün İsrailin paytaxtı olması qərarının əleyhinə səs vermiş, daha 35 ölkə səsvermə zamanı bitərəf qalmışdı.
Qvatemala prezidenti Jimmy Morales özünün Facebook səhifəsində yazıb ki, o, İsrailin baş naziri Benjamin Netanyahu ilə telefon söhbətindən sonra ölkəsinin səfirliyinin Tel Əvivdən Yerusəlimə köçürülməsi üçün Qvatemala Xarici İşlər Naziriliyinə sərəncam verib.
Qvatemala prezidenti Tvitterdə yazıb ki, onun ölkəsi ilə İsrail arasında əla münasibətlər mövcuddur.
“Ən əsas məsələ Qvatemala səfirliyinin Yerusəlimə qaytarılmasıdır. Mən maliyyə nazirinə bu dəyişikliklə bağlı işlərin əlaqələndirilməsini tapşırmışam” -Jimmy Morales yazıb.
BMT Baş Assambleyasında qəbul edilmiş qətnamə Yerusəlimi İsrailin paytaxtı kimi tanıyan bütün qərarları “qüvvəsiz və etibarsız” elan edir.
128-9 nisbətində səsvermə fələstinlilər üçün böyük qələbə sayılır, lakin hər halda onların proqnozlaşdırdığı və ümid etdikləri qədər dəstək deyil.
Məqalədə deyilir ki, bu səsvermədən əvvəl ABŞ prezidenti Donald Trump onun Qüds qərarına qarşı səs verəcək ölkələrə ABŞ maliyyə yardımını dayandıracağı ilə hədələmişdi.
Qvatemala ABŞ-ın maliyyə yardımlarından son dərəcə asılı bir ölkədir, qəzet yazır. (BBC azeri)
Oxunub: 346