AXCP sədri Əli Kərimli feysbuk səhifəsində Azərbayncan hökumətinin İspaniya Futbol Federasiyasına sponsorluq etməyə hazırlaşmasına münasibət bildirib. Onun yazdığını təqdim edirik:
İndi necə edək? Xalqımıza gözaydınlığı verәk, yoxsa başsağlığı? Neçə ildir Madridin “Atletiko” futbol klubuna sponsorluq edən ölkəmiz artıq qərara gəlib ki, xırdaçılıq etməsin, İspaniya futbolunu bütövlükdə himayəyə götürsün. Azərbaycan İspaniya Futbol Federasiyasının baş sponsoru olmağa hazırlaşır. Bu iş ölkəmizə 50 milyon dollara (85 milyon manata) başa gələcək.
Azərbaycan Avropa Futbol Çempionatına 70 milyon dollarlıq sponsorluq edəndən sonra İspaniya Futbol Federasiyası bizdən küsübmüş ki, pulunuz var, amma bizə vermirsiniz xərcləyək, yazıq futbolçularımızın milyonları azalır. Yalnız “Atletiko”ya sponsorluq etmək ədalətsizlikdir, ayrı-seçkilikdir, edirsinizsə, bütövlükdə İspaniya futboluna sponsorluq edin. Bizimkiləri də bilirsiniz, multikultural, humanist, insansevərdirlər axı, yox deyə bilməyiblər. İndi qalıb 85 milyon manatı düzəltmək. Variant da çox deyil. Təbii ki, “qara kassaya” gedəcək korrupsiya büdcəsinə toxunmaq olmaz. Şəhid ailələrinin, Qarabağ qazilərinin sığorta pulunu, valideynlərin uşaqpulunu isə onsuz da vermirlər. Vermiş olsaydılar, indi yenə kəsib, yönəldərdilər futbola. Təhsili də artıq pullu ediblər, gələn ildən dövlət xəstəxanaları da rəsmən pullu olacaq. Yəni daha təhsildə, səhiyyədə kəsməli bir vəsait qalmayıb. Ümid qalıb ya cərimələri artırmağa, ya sosial müavinәti kəsməyə, ya da əlillərin pensiyasına yenidən baxmağa. Əsas odur ki, İspaniya futbolu inkişaf etsin və dünya görsün ki, Azərbaycana necə əliaçıq, futbola qayğı göstərən, müasir adamlar rəhbərlik edir. Biz isə birtəhər keçinərik. Dözümlü xalq deyilik? Hər necə olsa, bunlar yeyib doyublar, təkcə İspaniya futbolunu öz üzərlərinə götürürlər. Bir də gördün sabah başqası gəlib İtaliya Futbol Federasiyasına da sponsorluq etdi. Onda nə edəcəyik? Yenə belə yaxşıdır )))
Oxunub: 1382