Yenə ilin son günü
ehh, heç nə dəyişmədi,
nağıllar yağdı… göydən
alma, filan düşmədi…
Basat yollarda qaldı,
Məlikməmməd quyuda,
qurutdular dəhnədən
bizə gələn suyu da…
doyum bilmir Təpəgöz,
divin canı şüşədə,
hər gün bir qurban gedir,
adamlar əndişədə…
fal açır Göygöz Kosa
beş-on qurdlu darıya,
güzgülər sehirlənib
küpəgirən qarıya…
gözəl qızları asmış
div qırxıncı otaqdan,
qurd meşədə, xəbər də
yox qırmızıpapaqdan…
əl vursan, Rapunzelin
bit çıxar darağından,
cin çıxmaz Ələddinin
sehirli çırağından…
məmləkət zülm içində,
düşkün qocası, gənci,
orda saray, burda xalq-
şahzadə və dilənçi…
bu da ilin son günü,
bu da nağılın sonu,
yalançını qurd yesin,
kölgədə qoymuşuq lap
nağılçı Andersonu!
Oxunub: 174