“The Sunday Times” qəzeti yazır ki, Suriyada Rusiyanın məxfi muzdlular ordusuna daxil minlərlə döyüşçü, Moskvaya müharibə itkilərinin sayını azaltmaq imkanı verir. Beləki, Moskva yalnız rəsmi hərbi xidmətdə olanların itkiləri barədə məlumatları açıqlayır.
Məqalədə deyilir ki, Wagner adlanan şirkətin muzdluluları Putinin rəsmi qüvvələri ilə çiyin-çiyinə prezident Əsədin opponentlərinə qarşı döyüşürlər. İndiyədək bu “gözəgörünməz” Rusiya ordusunun 150-dək döyüşçüsünün həlak olduğu barədə məlumatlar onların qohumlarından gizlədilir.
Qəzet yazır ki, hazırda Suriyada bu gizli ordunun 1500-2000 arası döyüşçüsü var, bu isə Suriyadakı rəsmi Rusiya kontingentinin az qala yarısı qədərdir. Bu döyüşçülərdən əsasən 2015-ci ildə münaqişənin pik həddinə çatdığı vaxtlarda istifadə olunub.
Wagner qüvvələri İslam Dövləti adlandırılan ekstremist qruplaşmaya, habelə Əsədə qarşı olan başqa qüvvələrə qarşı döyüşüblər. Lakin Rusiya Müdafiə Nazirliyi Wagner-in mövcudluğunu məxfi saxlayır.
Bu qüvvələrlə bağlı araşdırma aparmış moskvalı fəal Ruslan Leviyev deyir ki, məxfi ordunun əsgərləri Əsədin hökumət qoşunları ilə çiyin-çiyinə döyüşür və Rusiyaya rəsmi ordunun itkilərini aşağı həddə saxlamaq imkanı verirlər.
Cənab Putin bu ay Rusiyanın Suriyadakı hərbi kontingentinin qismən ixtisar olunmasına əmr verib. O deyib ki, “terrorçular” üzərində “tam qələbə” əldə olunub.
3 milyon dollarlıq qanpulu
Conflict Intelligence Team adlı araşdırma qrupuna rəhbərlik edən Leviyev deyib: “Wagner-dən ona görə istifadə olunub ki, Moskva Qərbə, “baxın biz sizin İraqda və Əfqanıstanda verdiyiniz itkilərdən qat-qat az itki ilə necə uğurlu kampaniya aparmışıq” deyə bilsin”.
Rəsmi rəqəmlərə görə Suriyada yalnız onlarca əsgər həlak olub. Lakin Leviyevin qrupu sosial mediadan istifadə etməklə və ölənlərin qohumları ilə əlaqə yaratmaqla Wagner-in itkiləri barədə dəqiq məlumat toplamağa çalışıb.
“The Sunday Times” yazır ki, Wagner-in öldürülmüş əsgərlərinin qohumlarına susmaq əmri verilib. Onlara kompensasiya kimi 3 milyon rubl və ya 50 min dollar verilir. Buna baxmayaraq muzdlu ailələrinin heç də hamısı susmur.
38 yaşlı Qriqori Tsurkanunun valideynləri övladlarının başına gələnləri Moskvadakı müstəqil Dojd telekanalına danışblar. Üz-gözləri döyülməkdən gömgöy olan Tsurkanu və başqa bir Wagner döyüşçüsü Roman Zabolotnı ötən oktyabrda İŞİD-in videosunda əsir kimi göstərilmişdilər. O vaxtdan bəri bu iki şəxs barədə eşidən olmayıb.
Tsurkanunun valideynləri deyirlər ki, bu video internetə çıxandan sonra bir qrup zabit iki həftə onların evində qalıb. Onlar ailədə “mühafizə” üçün qaldıqlarını iddia edirdilər, amma əsl məqsəd ailəni jurnalistlərdən təcrid etmək idi.
Putinin dostu Utkin
Tsurkanunun ata-anası Müdafiə Nazirliyinə zəng edib oğullarının harada olduğunu öyrənmək istəsələr də, cavab ala bilməyiblər. Wagner-in nümayəndəsi isə onun öldürüldüyünü təsdiq edib, amma bundan başqa detalları bildirməyib.
İndi valideynlər deyirlər ki, onlar daha heç kimə inanmırlar və bir vaxt sadəlövh olduqlarına görə inanıblar.
Tsurkanunun anası Dojd telekanalına deyib: “Putin bir dəfə demişdi ki, biz heç vaxt rusları atıb getmirik. Amma indi görürəm ki, o bizə yalan deyib”.
Başqa bir halı araşdıran Leviyev deyir ki, Wagner-in döyüşçüsü, 29 yaşlı Tamerlan Kaçmazov-un bacısı ilə əlaqə saxlayıb. Kaçmazovdan sentyabr ayından bəri xəbər yoxdur.
Onun bacısı iki ay gözləyəndən sonra Wagner-in Krasnosdar diyarındakı Molkino məntəqəsində yerləşən təlim düşərgəsinə gedib. Bu düşərgədə ona qardaşının İŞİD tərəfindən öldürüldüyünü və cəsədinin yandırıldığını deyiblər.
Onlar Kaçmazovun ailəsinə kompensasiya və boş sink tabut təklif ediblər.
Wagner adına gəlincə isə bu, Rusiya xüsusi qüvvələrinin təxminən 40 yaşlarında olan keçmiş zabiti Dmitri Utkinin əsgər ləqəbidir.
Rusiyada muzdlu döyüşçülərdən istifadə qadağan olsa da, Wagner Kremlin xeyir-duası ilə fəaliyyət göstərir. Utkinin Putinlə Kreml ziyafətlərindən birində bir il əvvəl çəkilmiş yanaşı şəkli də var.
Şimali Koreya silahları
Wagner haqqında məlumatların əksəriyyətini keçmiş polis zabiti, hazırda isə Sankt Peterburqdakı Fontanka saytının müxbiri Denis Korotkov aşkar edib. Onun mənbələri bildiriblər ki, Suriyadakı döyüşçülərə Şimali Koreyada istehsal olunmuş avtomatlar və RP-46 kimi Sovet dövründən qalma pulemyotlar verilib. Bundan başqa Wagner birlikləri Suriya qüvvələri tərəfindən T-72 tankları ilə təchiz olunub.
Bu da məlumdur ki, muzdlular rütbələrindən asılı olaraq aya təxminən 240 min rubl (4 min dollar) maaş alırlar. Onların əksəriyyəti keçmiş sovet ordusu veteranlarıdır və bir çoxları artıq Şərqi Ukraynada separatçılarla yanaşı döyüşüblər. Putin bu barədə suala bu adamların Donbasa “öz qəlblərinin çağırışı ilə getdiklərini” deməklə cavab vermişdi.
Bu qrupun Suriyaya getməsi də müxtəlif cür olur. Onlardan bəziləri Rusiya hərbi təyyarələri ilə Hmeimim hərbi hava bazasına gətirilirlər, bir başqalaraı isə normal sərnişin reysi ilə Dəməşqə uçurlar.
Korotkov “The Times” qəzetinə deyib ki, Wagner ekstremistlərə qarşı vuruşduğuna görə “xeyir qüvvə” sayılmalıdır, lakin onun döyüşçülərinin qeyri-müəyyən statusu qəbuledilməzdir.
Korotkov bunu da deyib ki, bu muzdlu birliklərin bundan sonra da Suriyada nə qədər olacaqlarını demək çətindir.
Oxunub: 822