“The Independent” qəzetində Exeter Universitetinin təbabət humanizmi üzrə mühazirəçisi Luna Dolezal və Dublindəki Trinity College Universitetinin professoru Barry Lyons yazırlar ki, adamlar xüsusilə də həkimə gedərkən bədənlərinin müəyyən hissələrini və deməli, həm də eyiblərini göstərməli olurlar.
Mükəmməl vücud mədəniyyətinin geniş yaylıldığı müasir dövrümüzdə belə eyiblər xəcalət hissləri yarada bilər.
Alimlər yazırlar ki, qüsurlar və çətinliklər insanın həyat tərzi ilə də bağlı ola bilər. Məsələn artıq çəki, seksual davranış, siqaret, içki düşkünlüyü və sair belə vəziyyətlərdən sayılır.
Həkimlər belə pasientlərə baxdıqda məsləhətlərini də əsirgəmirlər.
Məhz bu məqamda belə bir təhlükə yaranır: Həkim məsləhəti utandırma formasında ola bilməz.
Əsrlərdən bəri utandırmadan insanların davranışına nəzarət etmək üçün istifadə olunub.
Bunu da bilirik ki, bəzi adamları utandırmaqla onların həyat tərzlərini yaxşıya doğru dəyişmək də mümkündür. Amma təcrübə göstərir ki, əksər adamların utandırılması onların ümumiyyətlə geri çəkilməsi və qüsurlarını gizlətməyə çalışması ilə nəticələnir.
Araşdırmalar göstərir ki, tibbi müstəvidə kiminsə utandırılması ziyanlı ola bilər.
San Diego-dakı California Universitetinin apardığı sorğu göstərib ki, həkimlərə müraciət edən insanların 50 faizi həkim kabinetindən utanmış vəziyyətdə çıxır.
Utanmaq hissi son dərəcə xoşagəlməz hissdir. O qədər xoşagəlməzdir ki, adamlar növbəti dəfə belə situasiyaya düşməməyə çalışırlar.
Məsələn bəziləri buna görə həkimə müraciət etməyə son qoya bilərlər. Belə bir hal bir başqalarının isə öz ruhi və fiziki durumları barədə yalan məlumat verməsinə səbəb ola bilər.
California Universitetinin araşdırması göstərib ki, utandırma hissi qarşısında xüsusilıə də əlilliyi olan insanlar kövrəkdirlər.
Adamlarda qapalı şəkildə daxili xronik utanma hissi onsuz da mövcuddur. Bu xəcalət hissi yoxsulluq, irq, cinsiyyət və sosial statusa görə də oyana bilir. Xəcalət hissi hətta sağlam adamların rifahına və səhhətinə ziyan vura bilər.
Əlbəttə, həkimlər bəzən utandırma hissindən pasientin həyat tərzinin dəyişməsinə təsir göstərmək üçün istifadə edirlər. Amma belə bir üsulun faydalı olması şübhəlidir. Belədə adamlar öz həyat tərzlərinə və ziyanlı vərdişlərinə görə özlərini daha güclü şəkildə qınayırlar.
Məhz buna görə də, həkimlərin utandırma hissindən istifadə etməsi mənəvi baxımdan da düzgün yol deyil. Həkim insanları sağlam həyat tərzinə motivasiya ilə dəvət etməlidir.
Oxunub: 360