«Mərkəzi Bankın (MB) 2017-ci ilin sonunda yaydığı bəyanatda 2018-ci ildə inflyasiyanın təkrəqəmli həddə endiriləcəyi ilə bağlı qeydləri reallığa əsaslanmır».
Bunu AzadlıqRadiosuna iqtisadçı-ekspert Nemət Əliyev bildirib. Onun fikrincə, bu, eyni zamanda, hökumətin mövqeyi kimi başa düşülür:
«MB 2017-ci ildə inflyasiyanı rəsmi olaraq elan edilən 13.4 faiz həddində saxlamaq üçün monetar (pul-kredit) təsirlərdən kifayət qədər istifadə edib. Amma, hamı bilir ki, bu, real inflyasiya səviyyəsi deyil və əslində inflyasiya 30 faiz civarındadır».
N.Əliyev vurğulayır ki, MB 2018-ci ildə elə 2017-ci ildə apardığı siyasəti davam etdirəcək. Amma bu siyasətin elan edildiyi nəticəni doğuracağı şübhəli görünür:
«Mərkəzi Bankın həmin siyasəti nədən ibarətdir və 2017-ci ildə bu siyasətin nəticələri nə olub: dövriyyədə pul kütləsi azalıb, kreditləşmədə 4 milyard manat azalma qeydə alınıb, sənayedə inkişaf yoxdur. Tənəzzül bütün sahələri əhatə edir, əhalinin sosial vəziyyəti ağırlaşıb. Həmin köhnə siyasət yeni ildə davam etdiyi halda yeni nəticələr göstərməyəcək. Yenə də köhnə nəticələri təkrarlayacaq».
N.Əliyev deyir ki, dövriyyədə pul kütləsi qıtlığı yaşanması iqtisadi fəallığı azaldır. İqtisadi fəallığın azalması istehsalı kiçildir, istehsalın azalması ölkə bazarlarına və ya ixraca daha az məhsul çıxarılması ilə müşayiət edilir:
«Məsələ bununla bitmir. İdxal məhsulları artır. Bu idxal məhsullarını da manata çevirəndə bahalıq yaranır, eləcə də tələbat artdıqca, qiymət bahalaşır. Belə halda inflyasiyanı necə aşağı salacaqlar və ya məhsul bahalaşmasının qarşısını necə alacaqlar?».
Ekspert vurğulayır ki, təhlillər nikbin olmağa əsas vermir:
«Burada başqa bir üsul da var. Əgər elə kağız üstə inflyasiyanın 6-8 faiz olmasını yazmaqla iş bitəcəksə, bu, başqa məsələ. Gerçəklikdə isə bunu təkrəqəmli həddə endirmək indiki şərtlər daxilində mümkünsüzdür».
Oxunub: 432