“The Guardian” yazır ki, Trump administrasiyası İranda etirazçıların təqibinə cavabdeh olanların cəzalandırılması məqsədilə İranın dövlət televiziyası üzərinə sanksiyalar qoyulmasını planlaşdırır.
İran İslam Respublikasının ingiliscə daha çox qısaca IRIB adı ilə tanınan dövlət teleradio yayımçısının rəhbəri bir qayda olaraq ali rəhbər ayətüllah Əli Xameneyinin sərəncamı ilə təyin edilir.
Məqalədə deyilir ki, IRIB üzərinə ABŞ sanksiyaları 2013-cü ildən qoyulsa da, istər keçmiş prezident Obama, istərsə də Trump bu sanksiyaların müvəqqəti tətbiq edilməməsi barədə hər 180 gündən bir xüsusi sərəncam imzalayırdılar.
“The Guardian” qəzetinin məlumatına görə, Trump bu dəfə bu sərəncamı imzalamaqdan imtina edəcək. Necə olursa-olsun onun qərarı yanvarın sonlarınadək bəlli olmalıdır. Əgər Trump düşünüldüyü kimi sanksiyalardan azad edən sərəncamı imzalamasa, onda sanksiyalar avtomatik olaraq qüvvəyə minəcək.
Vaşinqtonun siyasi dairələrindən alınan bəzi məlumatlara görə, rəsmilər Trump-ı indiyədək İran Mərkəzi Bankı üzərinə sanksiyalar qoymaqdan daşındıra biliblər. Rəsmilərin fikrincə, belə bir addım sadə iranlılar üçün problem yarada bilər.
Ağ Evə yaxın mənbələr deyirlər ki, İran dövlət televiziyası üzərinə qoyulan sanksiyalar bir qədər simvolik səciyyə daşısa da, telekanalın xaricdəki bürolarının işini, xarici yayımlarını və peyk transmissiyalarını məhdudlaşdıracaq.
“The Guardian” yazır ki, son günlər İranda xüsusilə populyar olan Tvitter-in istifadəçiləri Ağ Evi İran dövlət telekanalı üzərinə sanksiyalar qoymağa çağırırdılar.
IRIB-in dünya boyunca minlərlə əməkdaşı var. Sansksiyalar bu telekanal üçün xaricdə işləyənlərin bank hesablarının dondurulması ilə də nəticələnə bilər. Bir çoxları IRIB-i informasiya mənbəyi kimi yox, İslami rejimin ruporu kimi görürlər.
Məsələ burasındadır ki, IRIB İran daxilində, hətta prezident Ruhani səviyyəsində də tənqid olunub.
“IRIB bir qrupun yox, bütün millətin rəylərini əks etdirməlidir” – İran prezidenti Həsən Ruhani yanvarın 8-də deyib.
İş o yerə çatıb ki, etiraz günlərində IRIB öz tamaşaçılarını kəşfiyyat orqanlarına nümayiş liderlərindən xəbərçiliyə dəvət edirdi.
ABŞ-ın IRIB-ə qarşı yazılı sanksiyalarında deyilir ki, bu kanal İranda insan haqlarının pozulmasında bilavasitə iştirak edir.
Son illərdə çox sayda tamaşaçısını ölkədə qadağan olunmuş peyk telekanallarına itirən IRIB ona qarşı qısnamaların BBC, Londonda mənzillənmiş Manoto TV və “Amerikanın səsi” radiosunun Fars xidməti tərəfindən qızışdırıldığını iddia edir.
İranın ISNA xəbər agentliyi ötən həftə xəbər verirdi ki, İranın Britaniyadakı səfirliyi Birləşmniş Krallığın rəsmilərinə birbaşa müraciət edərək bəzi farsdilli televiziya şəbəkələrinin İranda “təfriqə və fəsad” salmasından şikayət edib.
İranda etiraz günləri ərzində prezident Trump-ın Tehranı tənqid edən tvitləri İran hakimiyyəti tərəfindən ölkənin daxili işlərinə qarışılması kimi qiymətləndirilib.
Oxunub: 274