İtkin düşmüş alpinistlərin axtarışında könüllü şəkildə iştirak edən bir qrup peşəkar dağçı axtarışların gedişatı ilə bağlı bəyanat yayıb. Bəyanatda deyilir:
“Könüllülər axtarışların gedişatında bir sıra əhəmiyyətli nöqsanların və etinasızlığın mövcud olduğunu və bu nöqsanların aradan qaldırılmadığı təqdirdə axtarışların müsbət nəticələnməsi üçün şəraitin olmayacağını bəyan edir.
Könüllülər bildirir ki, axtarışlar zamanı dövlət qurumlarının öz aralarında olan qeyri-rəsmi problemlər prosesin gedişatına mənfi təsir göstərir.
Qeyd edilir ki, Fövqəladə Hallar Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları arasında olan bir sıra problemlər ucbatından Qərargah rəhbəri Şahin Mirzəyev bir dəfə könüllüləri daşımaq məqsədilə çağrılmış helikopteri boş yola salıb.
Eyni zamanda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin də öz səlahiyyətlərindən lazımi qədər istifadə etmədiyi, müəyyən məqamlarda bilərəkdən işləri çətinləşdirdiyi hiss edilir.
Qərargah axtarış ərazisinə təqribən 4 kilometr uzaqlıqda olan Şahyaylağı adlanan ərazidə yerləşdirilib ki, bu da axtarış proseslərinin effektiv həyata keçirilməsinə mane olur. Digər bir tərəfdən, Qərargahın axtarış yerindən uzaqda təşkil edilməsinin səbəbi kimi relyeflə bağlı olaraq nəqliyyat probleminin ortaya çıxma ehtimalı göstərilir.
Könüllülər bildirir ki, Fövqəladə Hallar Nazirliyi əməkdaşları axtarış yerində gecələmək üçün müvafiq ləvazimatlarla təchiz olunmadığından, onlar hər axşam Xınalıq kəndinə qayıdıb, səhər tezdən isə yenidən axtarış yerinə qayıdırlar. Bu isə kifayət qədər vaxt itkisinə yol açır.
Uçqun baş vermiş ərazidəki qar örtüyü bellərlə qazılır. Ərazinin böyüklüyünü nəzərə alsaq, bu kifayət qədər qeyri – effektiv metoddur.
ANAMA-nın hadisə yerinə gətirdiyi metal detektorları axtarış üçün yararlı deyil. Bu haqda artıq Qərargahın səlahiyyətli şəxslərinə məlumat verilib.
Könüllülər müzakirələr əsasında aidiyyəti dövlət qurumlarına və ölkə rəhbərliyinə müraciət xarakterli aşağıdakı təklifləri verir :
– Axtarışlar hava şəraiti stabilləşdiyi an yenidən bərpa edilməlidir.
– ANAMAnın minaaxtaran detektorlarının əvəzinə MF 9700 QUINARY tipli (yaxud bənzəri) detektorlardan istifadə edilməlidir.
– Axtarışa müəyyən sayda təlim görmüş əsgər və zabit heyəti, xüsusi təyinatlılar, 10 – 15 axtarış iti cəlb edilməlidir.
– Alpinistlərin hər hansı birində ROCCO tipli lokasiya çiplərinin olması ehtimalını nəzərə alaraq ROCCO Lokatorlarından istifadə edilməlidir.
– Axtarış aparılan məkana 5 ekskavator, axtarış məkanında gecələmək üçün çadırlar, yuxu tulumları, matlar, 5 böyük həcmli generator, istilik sobaları, yemək bişirmə və su qızdırma avadanlıqları gətirilməlidir.
– Qərargah axtarış yerinə yaxın yerləşdirilməlidir.
-Koordinasiya işinin təşkilində peşəkar dağçılara xüsusi səlahiyyət verilməlidir.
Axtarışların effektivliyinin təmin edilməsi məqsədilə könüllülər hesab edir ki, proseslər heç bir halda siyasiləşdirilə, yaxud dövlət qurumları arasında olan narazılıqların ictimailəşdirilməsi məqsədi ilə istifadə oluna bilməz.
İtkin düşmüş alpinistlərin ən tez zamanda evlərinə qayıtması üçün sadalanan təkliflər əsasında dərhal və təxirəsalınmaz tədbirlər görülməlidir.
Bəyanat axtarış işlərində könüllü şəkildə aktiv iştirak edən 20-ə qədər peşəkar dağçının ortaq rəyləri əsasında 02.01.2018 tarixində verilir”.
Oxunub: 2236