10 mayda “Gül bayramı” etməklə 24 dekabrda “İlham zirvəsi”nə yürüş ənənəsi yaratmaq mahiyyətcə eyni hərəkətlər deyil? Ancaq bir mühüm fərqi var. “Gül bayramı” heç kim üçün təhlükə törətmirdi. Lakin 24 dekabrda ölkənin ən hündür zirvələrindən birinə çıxmaq təhlükəlidir. Üstəlik, “İlham zirvəsi”nə çıxanlar (çıxmağa təşviq edilənlər) təkcə alpinistlər deyil axı, hökumət mətbuatının özünün yazdığına görə, indiyə qədər yüzlərlə ekoloq, sərhədçi, gömrükçü də 24 dekabrda “İlham zirvəsi”nә yürüş ediblər. İndi belə bir mənasız və təhlükəli avtoritarizm ənənəsinə müxalifət etiraz etməməlidir?
Hətta dünənə qədər “Gül bayramı”na sərt etiraz edənlər də indi sinəsini verib qabağa, müxtəlif bahənələrlə iqtidarı müdafiə edir. Repressiyalar izsiz keçmir deməli. İlham Əliyev bütün standartları aşağı salır.
İtkin düşmüş alpinistləri isə təki Allah qorumuş olsun, möcüzə baş versin, salamat tapılsınlar. Onlara pislik arzulamaq əlbəttə ki, qeyri-insani hərəkət olar. Zatən bizim hökumətdən izahat tələb etməyimiz də alpinistlərin, hətta o zirvəyə dırmandırılan MTN-çilərin həyatı üçün narahat olmağımızdandır.
Nə hökumətin, nə də böyürdən-başdan hökumətə xidmətini təklif edənlərin şantajı keçməyəcək. Bu ölkədə hələ real müxalifət var. Və müxalifət 24 dekabrda “İlham zirvəsi”nə yürüşlər təşkil etmək ənənəsinə etiraz edir. Müxalifət itkin alpinistlər haqda yalnız 3 gün sonra FHN-ə məlumat çatdıran bacarıqsız idarəetməyə etiraz edir. Müxalifət alpinistlərin itməsindən yalnız 4 gün sonra FHN-in axtarışa başlamasını, 10 gün sonra əməliyyat müşavirəsi keçirməsini rejimin vətəndaşın həyatına biganə münasibəti kimi dəyərləndirir. Hakimiyyət avtoritarizm təbliğatının da, bacarıqsızlığın da, insan həyatına biganəliyin də siyasi məsuliyyətini daşımalıdır.
Oxunub: 1258