Britaniyalı vəkil Jeremy Makbraydın REAL Hərəkatının həbsdəki lideri İlqar Məmmədovun müdafiəsinə qoşulması rəsmiləşib. İ.Məmmədovun müvafiq sənədləri imzalaması mümkün olub. Bu barədə İ.Məmmədovun vəkili Fuad Ağayev məlumat verib. Vəkil bu gün 2 saylı cəzaçəkmə müəssisəsində İ.Məmmədovla görüşə bilib.
Vəkil yada salıb ki, hələ ötən həftə britanıyalı vəkilin müdafiə prosesinə qoşulması üçün zəruri olan sənədləri ekspress poçtla həbsxanaya göndərib.
“Söhbət İ.Məmmədovun Avropa məhkəməsinə göndərilən iki şikayəti ilə bağlı britaniyalı vəkil üçün vəkalətnamədən və müvafiq saziş layihəsindən gedir. Konfidensial məzmun daşıyan, senzuraya məruz qalmamalı olan həmin sənədlər bir sutkadan artıq keçdikdən sonra, nəhayət, İlqar Məmmədova verilib. O, həmin sənədləri imzalayıb”.
F.Ağayevin bildirdiyinə görə, İ.Məmmədovun müdafiəsinə qoşulan vəkil J. Makbrayd kifayət qədər tanınmış hüquqçudur.
“Tanınmış “İnterights” təşkilatından olan Jeremy Makbrayd insan hüquqlarının müdafiəsi sahəsində beynəlxalq qurumlarda böyük təcrübəyə malikdir. Bir sıra işlər aparır, o cümlədən, Ukraynanın Rusiyaya qarşı müraciətlərində iştirak edir. Biz onunla əlaqədəyik. İ.Məmmədovun birinci işi – Nazirlər Komitəsinin AİHM-ə göndərdiyi sorğu üzrə, eləcə də İ.Məmmədovun digər işi ilə bağlı Böyük Palataya müraciət məsələsində əməkdaşlıq edəcəyik”, -F.Ağayev bildirib.
Vəkil həmçinin İ.Məmmədovun durumu ilə bağlı hər hansı dəyişikliyin olmadığını deyib.
Oxunub: 424