Şirvan Apellyasiya Məhkəməsi Müsavat Partiyası Şirvan şəhər təşkilatının sədri, həbsdə olan Əlikram Xurşidovu azadlığa buraxmaqdan imtina edib.
Bu barədə onun vəkili Nemət Kərimli məlumat verib.
Vəkilin bildirdiyinə görə, Ə.Xurşidovun məhkəməyə qədər ev duistaqlığına buraxılması ilə bağlı əvvəlcə Şirvan Rayon Məhkəməsinə müraciət ediblər. Ancaq məhkəmə onların vəsatətini rəbul etməyib. Bu gün Şirvan Apelyasiya Məhkəməsi rayon məhkəməsinin qərarından verilən şikayətə baxıb və onu təmin etməyib.
Qərardan Avropa məhkəməsinə şikayət ediləcəyini qeyd edən vəkilin sözlərinə görə, Ə.Xurşidovun cinayət işinin materialları məhkəməyə göndərilib. Artıq cinayət işi icraata verilib.
“İşə Şirvan Rayon Məhkəməsində baxılacaq. Məhkəmə prosesi yanvarın 24 də saat 10:45-də başlayacaq. Həmin tarixdə hazırlıq iclası keçirilcək”, – vəkil bildirib.
Xatırladaq ki, Ə.Xurşidovu noyabrın 22-də axşam saatlarında Şirvanda polislər saxlayıb.
Noyabrın 24-də ona qarşı ittiham irəli sürülüb. O, CM-in 221.2.2 və 221.2.3 (xuliqanlıq) maddələri ilə ittiham olunub. Noyabrın 24-də Şirvan Şəhər Məhkəməsi müsavatçının barəsində 3 aylıq məhkəməyəqədər həbs qərarı verib. Həmin qərardan verilmiş apellyasiya şikayəti təmin edilməyib. Müsavat Partiyasının təmsilçiləri isə bəyan ediblər ki, Ə.Xurşidov bu günlərdə özünün Facebook səhifəsində Şirvan şəhərində vətəndaşların inzibati üsullarla Yeni Azərbaycan Partiyasına (YAP) üzv yazdırılması haqda status paylaşıb. Partiya hesab edir ki, onun həbsi də elə statusları, tənqidi mövqeyi ilə bağlıdır. Hakim YAP haqda bundan əvvəl də belə fikirlər səslənib. Ancaq bu partiya bir qayda olaraq, belə iddiaları təkzib edir. Bu il yaradılmasının 25 illiyi qeyd edilən YAP-ın 700 mindən çox üzvünün olduğu deyilir. Bu maddələr üzrə ittihamlar məhkəmədə də təsdiqlənərsə müsavatçıya 7 ilə qədər həbs cəzası verilə bilər.
Oxunub: 98